Kadri Simson: "Azərbaycan Aİ-nin qaz bazarını sabitləşdirəcək"
Azərbaycan Avropa İttifaqına (Aİ) enerji tədarükünün şaxələndirilməsində, eyni zamanda qaz bazarının sabitləşdirilməsində mühüm rol oynayır.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu bu gün Bakıda Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə mətbuat konfransında deyib.
“Bakıya ilk səfərimdən bəri Azərbaycan ilə Aİ arasında enerji sektorunda əməkdaşlıq kifayət qədər möhkəmlənib”, - o bildirib.
K.Simson vurğulayıb ki, Azərbaycan qazının Avropaya tədarükü enerjiyə keçid prosesində mühüm rol oynayacaq: “Daha çox dialoq və əməkdaşlığa ehtiyacımız var. Bu gün biz bir çox əsas məsələlərdə razılığa gəldik. Bu regiondakı kollektiv ambisiyalar 2027-ci ilə qədər təbii qaz tədarükünü artıracaq”.
Onun sözlərinə görə, bərpa olunan enerji mənbələri Avropanın enerji məqsədlərinə çatmasına kömək edəcək.
Mənsurə Hümbətova