İqtisadiyyat Nazirliyi və DİF Akselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalayıblar

İqtisadiyyat Nazirliyi və DİF Akselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalayıblar

18 Fevral 2025

Azərbaycanın İqtisadiyyat Nazirliyi və Dünya İqtisadi Forumu (DİF) arasında Akselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalanıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. İmzalanma iqtisadiyyat naziri Mikayıl Cabbarovun DİF-in idarəedici direktoru Mirek Duşeklə videokonfrans formatında keçirilən görüşdə baş tutub.

Niyyət məktubuna əsasən DİF İqtisadiyyat Nazirliyi ilə birgə dövlət və özəl sektorların nümayəndələrini bir araya gətirərək Azərbaycanın qlobal bilik və mübadilə şəbəkəsinə qoşulması ilə bağlı təşəbbüslərə dəstək olacaq. Bu təşəbbüs innovasiya və bacarıqların inkişafı sahəsində yeni imkanlar yaratmaq və müasir bacarıqlar ekosisteminin inkişafına töhfə vermək məqsədi daşıyır.

Bacarıqlar üzrə Akselerator Platformasının sürətlə dəyişən iqtisadiyyata uyğun insan kapitalının inkişafı üçün həllər təklif edəcəyi və dövlət-özəl əməkdaşlığını stimullaşdıracağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun Akselerator Platforması inklüziv inkişaf məqsədilə fəaliyyət göstərən milli səviyyəli dövlət-özəl əməkdaşlıq platformasıdır. Hazırda 40 ölkədə fəaliyyət göstərən DİF-in Akselerator platformaları müxtəlif sektorlar arasında əməkdaşlığı təşviq edərək əmək bazarının tələblərinə uyğun bacarıqlar formalaşdırır, innovativ həllərdən istifadənin miqyasını genişləndirirlər. Akseleratorlar DİF-in bir sıra platformalarının potensialından yararlanmaq imkanı əldə edirlər.

Görüşdə Azərbaycan və DİF arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğu, ölkəmizin Forumun bir sıra təşəbbüslərində fəal iştirak etdiyi vurğulanıb. Əməkdaşlıq çərçivəsində ölkəmizdə rəqəmsal transformasiya, innovasiya və texnologiya istiqamətində atılan addımlar qeyd edilib. Tərəfdaşlığın perspektivləri və potensial imkanlar ətrafında fikir mübadiləsi aparılıb.