İntihar cavanlaşırmı?
Müşahidə etsək son günlərdə intiharların sayında artım görmüş olarıq. Çox qəribədir ki, intihar edənlərin əksəriyyəti eyni üsuldan istifadə edir yeni, özünü hündürlükdən atır. Demək olar ki, hadisələrin hamısı da, eyni xətt üzrə təkrarlanır.
Son zamanlar isə bəzi insanların intihar etməsi, xüsusən də hündürlükdən atılan adamların video görüntülərinin belə yayılması cəmiyyətdə psixoloji sarsıntıya səbəb olur.
Aparılan araşdırmalar nəticəsində intihar və intihara cəhdlərin ən çoxu 15-25 yaş arası gənclərdə olduğu aşkarlanıb. İntihar nəticəsində ölənlərin yarısı əvvəllər ən azı bir dəfə, təxminən dörddə biri isə əvvəlki ildə intiharlara cəhd edib.
Bu nöqteyi-nəzərindən yanaşsaq hər kəsin problemi olar bilər. Gündəlik həyatımızda baş verən müəyyən çətinliklər elə problemlərə gətirib çıxarır ki, insanlar özünü öldürməkdən başqa çarə görmür. Ümumilikdə, sosial çətinliklərə görə, intihar etmək istəyənlər arasında gənclər üstünlük təşkil edir.
İstənilən problemin çərçivəsində digər insanların da beynindən intihar edərək problemlərdən qurtulmaq fikirləri keçir. Bunu fikirləşən insanın qarşısına təsadüfən qəfil intihar edən insanın hündürlükdən atılması videosu çıxır.
Həmin adamda belə bir fikir formalaşır “bunu düşünən tək mən deyilmişəm, deməli, bu, doğru yoldur”. Bu zaman həmin adamda özünə inam yaranır, o cəsarətlənir və videoda gördüyü hadisəni təkrarlayır.
İntihar çıxış yolu demək deyil. Problemlərin həllini intiharda yox, psixoloqa, mütəxəssislərə və həkimə müraciət etməkdə axtaraq.
Əgər onlardan da dəstək almaq istəmirsinizsə, ən azı yaxınlıqda olan insanlara, tanışlara, doğmalara problemlərini demək lazımdır. Qarşıdakı insana da intihar etmək istəyi barədə mütləq demək lazımdır. Eyni zamanda intihar haqqında düşünən insana laqeyd yanaşmaq olmaz.
Mütəxəssislər deyir ki, bu gün yazı yazmaqla, televiziyada bununla bağlı saatlarla danışmaqla məsələ öz həllini tapmayacaq. Gərək ciddi fəaliyyət proqramlarımız, qanunvericilik bazamız, ictimai qınaq sistemimiz olsun ki, biz bu cəmiyyətdə maddi dəyərlərin özbaşınalığının qarşısını alaq. Almasaq, cəmiyyətimizdə intiharlar da daxil, bütün neqativ hallar gündən-günə artacaq. Bunun qarşısını almaq üçün mənəvi faktorların cəmiyyətdə daha fəal rol oynamasına şərait yaratmalıyıq.
Mənsurə Hümbətova