
İnsanı insana bağlayan sevgi!
Dünyaya göz açdığın gün, həyata qədəm qoyduğun gün sənin hekayənin başlandığı gündür. Hekayəni oxumadan, mövzusunda nədən bəhs olunduğunu bilmədən, qarşına kimlərin çıxacağını görmədən, həyatına girən şəxsləri tanımadan və ən əsası həyatını birləşdirəcək ömür-gün yoldaşının olub-olmadığını hiss etmədən doğular dünyaya insan. İstər qadın, istər kişi olsun hər ikisi üçün də başlayar bu hekayə. Sənin üçün yeni bir gün, yeni bir ay, yeni bir ilin bağlanğıcıdır. Böyüyüb həyat nərdivanlarını addımlayarkən yaxşını pisdən, doğrunu yalandan, sevgini nifrətdən ayırmağı bilib, öz yolunu bir rəsm əsəri kimi bəyaz kətana həkk edib, rəngləri qarışdırmadan gözoxşayan bir çərçivə üzərində qurulur sanki həyatın. Sənin çəkdiyin o rəsmdə ətrafında olan insanları yəni atanı, ananı, bacı, qardaşlarını və s. kimiləri rəsmə sığışdırıb bir çərçivə içərisində divardan asarkən, həyatına girən digər bir şəxsin çərçivədə yeri olub-olmadığına qərar verə bilmədən, sən etdiyin planların içində o şəxsin sənin üçün əsas rol oynayan biri olacağını anlamadan tam həyatının ortasında yer alan o insan, həyatını sonacan paylaşacağın biri olur. Hər yeni gün sənin üçün gözəldir və sənin həyatını daha da gözəlləşdirən artıq ikinci bir insan var. Heç tanımadan, haqqında heç nəyi bilmədən , həyatına gəl demədən və ürəyinə bəhanələrlə gəlib tam mərkəzində yer alıb, ürək döyüntünün ritmini pozub, həyəcanlandıran insandır. Sevgi saf və təmiz qəlblə sevməkdir. Sevgi bir həyatı paylaşıb, uğrunda bir çox fədakarlıqlar edib, hətta bəzən doğru olmasa da ən doğmalarını belə uğruna geridə qoyduğun insana bəxş etdiyin ömürdür. Sevgi qəlblərdə dua, dillərdə zümzümədir. Sevgi bir ürəyi yandırıb və yanan o ürəyin üstünə öz sevgi çiçəklərini tökməyi bacarmaqdır. Sevgi qaranlıqda işıq saçan, itirdiyin o yolun bələdçisidir. Birini sevmək, ona qol-qanad gəlmək, saçına toxunan küləyin qarşısını almaq, başının üstünə yağan yağmura bir mənzil olmaqdır. Hirslənərkən sənə olan hirsini boğub, yanındaykən belə darıxmaqdır əsl sevgi. Qarşılıqlı bir sevgi allahın əmanəti və qəlbimizdəki ən böyük duamızdır. Yaşanan hər bir sevgi ağılla qəlbə gedən yol arasında bir keçilməz körpüdür. Sevgi varlığı-yoxluğu paylaşmaq, sevgi birlikdə gülüb-ağlamaqdır. Onunla keçirdiyin hər bir an bütün dərdlərini unutduracaq qədər və səndən saatları, saniyələri alacaq qədər dəyərlidir. Sevgi adına yazılan hər bir roman, hekayə, dastan əsərlərin, povestlərin şahıdır. Qarşılıqlı yaşanan bir sevgidə həyatını, xoşbəxtliyini sol yanının xoşbəxtliyinə qurban verməkdir. Birini sevmək sənə həyatdır. Onunla yeni bir günün başlanğıcıdır. Hər günün onunla keçər sanki ondan əvvəl heç yaşamamış kimi yenidən doğulub yaşamağa başlayarsan. Üzündə təbəssüm oyadıb hər səhər oyandıqda gözlərinə sevgiylə baxıb qaranlıq dünyanı aydınladar. Elə sevib, elə sarılar ki, ürəyindən kimsənin qoparıb atmağa gücü yetməz. Gülüşünü, səsini, danışığını sevərsən. Həyatında ən qiymətli vazkeçilməzin olar. Ağrılarında belə sevgiylə yanaşıb, köksünə sıxıb bütün dərdlərini unutdurar. Mənasız həyatına məna qatar. Bəzən uşaqtək nazını çəkər. Onunla birlikdə dünyanı sevərsən, hər gözlərinə baxanda yenidən doğulduğunu, nəfəs aldığını hiss edirsən. Çətin, sevincli günlərində yanında və yanında olmayanda nəfəsini, sevgisini hiss edib onun gəlişini gözləyərsən. Əlini tutub, bir yolun izinə düşüb, sonsuzluğa onunla qərq olarsan. Bəzən üzündə gülüş yaradar, bəzən də gözlərində yaş olar. Həyatda ən çox dəyər verdiyin, ömür yolunda birlikdə addımladığın özündən çox güvəndiyindir o insan. Həyatda enişli-yoxuşlu yollarda yanında olanındır. Milyonlar içində səni bütün nöqsan və səhvlərinlə qəbul edəndir. Bütün həyatını dəyişdirib onunla bir yola davam edən bir həyat yoldaşıdır. Yaxşı həyat yoldaşı bizlərə allah tərəfindən bağışlanan ən dəyərli varlıq, ən dəyərli hədiyyədir. Həyatda sənə can yoldaşı olar, heç bezmədən, usanmadan sonunadək sevər. Xoşbəxtlik və xoşbəxtliyə gedən bir yol sanki həyatımızda edəcəyimiz bir səyahətdir. Bu yolda bizə dəstək olan insan isə gözəl həyat yoldaşıdır. Onunla addımladığın bu yolda dost olarsan, sevgili olarsan ən əsası böyük bir ailə olarsan. Ailə həyatda hər şeydir. Bir ailə qurarsan və böyüyər və bu ailənin təməlin sağlam olmasın qarşılıqlı olaraq ata, ana qoyar. Hər zaman ata-ana və həyat yoldaşı olaraq bir-birlərinə qaşılıqlı hörmət etməyi bacarmalıdırlar. Xəstə olanda xəstəliyinə dərman olub sənin dünənin-bu günün olar. İnsanın ən böyük xoşbəxtliyi onu sevib anlamasıdır. Həyatda ən gözəl xoşbəxtlik onunla birlikdə oyanıb “sabahın xeyr, günümüz aydın” kəliməsini eşitməkdir. Sadiq bir insan, bir həyat yoldaşı həyatında olan dar və xoş gününün dostudur. Həyatda nə olursunuz olun amma ən gözəl ailə, sadiq bir həyat yoldaşı, ata, ana adına layiq bir insan olun. Həyat yoldaşınızı sevin onlara hər zaman sevdiyinizi deyin. Yolu və yoldaşı düzgün seçib addımlamağı allah hər bir insana nəsib etsin. Doğru bir həyat yoldaşı çiynində yükünü daşıyan dərdini bölüşən ömürlük sənlə yol yoldaşlığı edən bir şəxsdir. Xeyrli bir həyat yoldaşı allahdan gələn ən böyük hədiyyədir. Hz.Muhəmmədin bir deyiminə diqqət yetirsək –Allah bir evin ruzisini ər arvad arasında olan mehribanlıqda qərar vermişdir. Ailəsi ilə mehriban olanın ruzisi bol olar.
Bəzən bir qadın həyat yoldaşı üçün duasında deyər ki, Allah sənin ayaqqabını qapımın önündən, kölgəni isə üzərimdən əksik etməsin. Həyat yoldaşına “Könlümün Ruzisi” deyə səslənən Məhəmməd Peyğəmbər (s.a.v) kimi; həyat yoldaşı üçün “Fatiməyə baxarkən bütün dərdlərimi unuduram” deyən Hz.Əli (ə) kimi sevməyə çalışın.
Sahilə Cəfərli
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin əməkdaşı