İdmanın qadın sağlamlığında rolu, qurum tərəfindən bu istiqamətdə görülən işlər -

İdmanın qadın sağlamlığında rolu, qurum tərəfindən bu istiqamətdə görülən işlər - MÜSAHİBƏ

30 Oktyabr 2024

İdmanın hər birimizin həyatında müsbət rolu var. Müşahidə aparsaq, idmanın bizdə psixoloji və sosial rifahı yaxşılaşdırdığını və gündəlik işlərimizin çox olmasından asılı olmayaraq aktiv həyat tərzini qorumağımıza kömək etdiyini görərik. Bəs qadınlar üçün idmanın təsiri nə qədərdir?

Bu günkü müsahibimiz Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayevadır. Ona "İdmanın qadın sağlamlığında rolu" sualını ünvanladıq. İlk öncə idmanın əhəmiyyətindən danışan Könül xanım, daha sonra qadınlara necə təsir göstərdiyinə toxundu.

"İdmanın qadın sağlamlığında əsas əhəmiyyət daşıdığı sahələrdən biri ürək-damar sağlamlığıdır. İdman ürək-damar sistemini gücləndirir, qan təzyiqini və xolesterin səviyyəsini normallaşdıraraq infarkt və insult riskini azaldır.

İdman sümük və əzələ gücünü də artırır. Xüsusilə ağırlıq qaldırma və müqavimət məşqləri osteoporozun qarşısını alır və sümük sıxlığını artırır ki, bu da yaşla əlaqəli sümük zəifliyinin qarşısını almaqda böyük rol oynayır".

Metabolizm və çəki nəzarəti də idmanın qadın sağlamlığına töhfə verdiyi sahələrdəndir. İdman kalori yandırılmasını artırır, maddələr mübadiləsini sürətləndirir, artıq çəki və piylənmə riskini azaldır. Sağlam çəki saxlayan qadınlar daha az diabet və metabolik sindrom riski daşıyır.

Hormonal balans da idmanın təsir etdiyi sahələrdəndir. Məşqlər hormonal tarazlığı tənzimləyərək menstrual dövrü ilə əlaqəli problemləri yüngülləşdirir, menopoz əlamətlərini azaldır və ümumi hormon balansını qorumağa kömək edir.

İdman psixoloji sağlamlıq baxımından da qadınlar üçün böyük əhəmiyyət daşıyır. Könül xanım qeyd etdi ki, idman stressin azaldılmasında mühüm rol oynayır. Endorfin hormonlarının səviyyəsini artıraraq əhval-ruhiyyəni yüksəldir və stressi azaldır, qadınların gündəlik həyatında daha gümrah və xoşbəxt olmasına kömək edir.

Fiziki aktivlik həm də anksiyete və depresiya ilə mübarizədə faydalıdır. Beyində serotonin və dopamin səviyyələrini artıraraq depresiya və anksiyete simptomlarını yüngülləşdirir.

Müntəzəm idman qadınlarda özünə güvən və motivasiyanı artırır. Bu, qadınların fiziki qabiliyyətlərini və bədən görünüşlərini yaxşılaşdırır, nəticədə özünə inamı artırır.

Könül Babayeva qeyd etdi ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 13 ildən artıqdır ki, “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda maarifləndirici tədbirlər keçirilir.

Qadın sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği və ailə dəyərlərinin qorunması üçün müxtəlif təqdimatlar və maarifləndirici materiallar paylanır.

İdmanın qadın sağlamlığında oynadığı müsbət rol həm fiziki, həm də psixoloji sağlamlıq baxımından böyük əhəmiyyət kəsb edir. Müntəzəm fiziki fəaliyyət qadınların ümumi sağlamlıq səviyyəsini artırır, onları daha güclü, sağlam və enerjili edir. Bu səbəbdən qadınlar öz sağlamlıq ehtiyaclarına və fiziki imkanlarına uyğun bir idman növü seçərək aktiv həyat tərzini davam etdirməlidirlər.

Mənsurə Hümbətova