İctimai Birliyinin təşkilatçılığı ilə ekskursiya keçirilib -

İctimai Birliyinin təşkilatçılığı ilə ekskursiya keçirilib - FOTO

14 Fevral 2025

Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər Sukanal İdarəsinin nəzdində fəaliyyət göstərən içməli Su təmizləyici qurğular kompleksinə ekskursiya təşkil olunub. 

Bu ekskursiya, iştirakçılara təbiətin qorunması və su ehtiyatlarının əhəmiyyəti barədə məlumat vermək məqsədini daşıyıb. Tədbir çərçivəsində, su anbarının fəaliyyət prinsipi, suyun təmizlənməsi və saxlanması ilə bağlı ətraflı təqdimatlar keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ekskursiya zamanı həmin idarənin Emal qurğularının istismarı sahəsinin sahə rəisi Vüqar Talıbov qurğular və iş prinsipləri, içməli suyun mənzillərə çatdırılana qədər keçdiyi mərhələlər haqqında ətraflı məlumat verib. Daha sonra çıxış edən İctimai Birliyin sədri, Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı Aygül Məmmədova, birliyin idarə heyətinin üzvləri-Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının əməkdaşı Çingiz Ağayev ekskursiyanın keçirilməsində əsas məqsəd və vəzifələrdən, bunun gənclər və ictimaiyyət üçün əhəmiyyətindən danışıblar.

Ekoloji maarifləndirmənin artırılması və cəmiyyətin bu sahədə daha məsuliyyətli davranması məqsədi ilə təşkil olunan ekskursiya iştirakçıları, içməli su anbarının fəaliyyət prinsipini, ətraf mühitə və insanların həyatına olan təsirini yaxından öyrənib, ekologiya və su təhlükəsizliyi, suya qənaət sahəsində daha geniş məlumatlar əldə ediblər. 

Sonda iştirakçıların ekskursiya ilə bağlı təəssüratları öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin gənclərə öyrəndikləri yeni məlumatlarla bağlı ümumiləşdirici suallar verilib, daha dolğun cavabı verən bir gəncə kiçik hədiyyələr təqdim olunub.