Hüseyn Cavid anadan olmasının 142-ci ildönümündə yad edilib - FOTO
Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Naxçıvan şəhərində Hüseyn Cavid Məqbərəsini ziyarət edib, məzarının üzərinə tər gül dəstələri qoyublar. Hüseyn Cavidin Ev Muzeyi və Xatirə kompleksində gerçəkləşən tədbirdə mədəniyyət və və ədəbiyyyat nümayəndələri iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, teatrının inkişafındakı misilsiz xidmətlərindən danışıb, görkəmli dramaturqun bənzərsiz yaradıcılığı və bütöv, əyilməz şəxsiyyəti ilə özündən sonrakı ədəbi nəsillərə bir nümunə olduğunu bildirib.
Vurğulanıb ki, Görkəmli dramaturqun yaradıcılığına və şəxsiyyətinə ən layiqli qiyməti xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin rəhbərliyi ilə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və cənazəsinin uzaq Sibirdən tapılaraq Azərbaycana gətirilməsi haqqında qərar qəbul edilib.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev Hüseyn Cavidin həyat və yaradıcılığından danışıb.
Tədbir AMEA Naxçıvan Bölməsinin əməkdaşı Aytən Cəfərova və Hüseyn Cavidin Ev Muzeyinin və Xatirə Kompleksinin direktoru Tünzalə Dilanova çıxışları ilə davam edib.
Tədbirin bədii hissəsində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorlarının ifasında Hüseyn Cavidin əsərlərinin bədii qiraəti səsləndirilib.
Sonda Muzeyin ekspozisiyasına baxış olub.