Heydər Əliyev və uşaqlar - FOTO

Heydər Əliyev və uşaqlar - FOTO

29 May 2023

”Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada, hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır. Azərbaycanın prezidenti kimi mən bu gün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür”.

Heydər Əliyev

Uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyaya yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir.  Çünki bir xalqın, millətin ən böyük mühafizəkarı, təbliğatçısı, milli irsini, tarixini, adət-ənənələrini əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə daşıyan uşaqlardır. Bu uşaqların hər tərəfli inkişafı, maraq dairəsinin düzgün istiqamətləndirilməsi, istedad və bacarıqlarının ortaya çıxarılması üçün münbit şəraitin yaradılması hər zaman diqqət mərkəzində saxlanılıb. Müstəqil Azərbaycanda  bu bünövrə  xalqının gələcəyini düşünən, uzaqgörən siyasətçi, müstəqil Azərbaycanın gələçəyi üçün ömrünü fəda edən, ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. Xalqımızın taleyində zaman-zaman ağrılı-acılı günlər çox olub. O, günlərin fəsadları uşaqlardan da yan keçməyib. 80-ci illərin ortalarından sonra müəyyən müddətdə cəmiyyətimizdə gedən mənəvi iqtisadi tənəzzül, müharibə şəraiti həmin dövrdə uşaqların təhsildə geriləməsi, məktəb yaşlı uşaqların alverə cəlb edilməsi, tədrisin keyfiyyətinin aşağı olması, bir sözlə, uşaqlara qayğısızlıq cəmiyyətdə narahatlıq yaratmırdı. Bu problemlərin həlli ümummilli liderin hakimiyyətə gəlişi, həyata keçirdiyi ıslahatlarla  ilə öz həllini tapdı. Gələcəyə sağlam düşüncəli insanlar yetişdirməy məqsədilə bir sıra tədbirlər həyata keçirildi.

Uzaqgörən lider H.Əliyevin  təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşuldu, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi, “SOS Kinderdorf İnternəşnl” təşkilatı ilə respublika hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən “Bakı SOS uşaq kəndi” salındı. Burada Avropa standartlarına uyğun 12 ailə evi, uşaq bağçası və altı digər yardımçı bina fəaliyyətə başladı. Ailə evlərinin hər birində 8-10, umumilikdə isə kənddə 100-dən artıq uşağın yaşaması üçün hər çür şərait yaradıldı. Burada kimsəsiz, valideyn himayəsindən məhrum, yetim, atılmış uşaqlar hər tərəfli qayğı ilə əhatə olundu.

Heydər Əliyev xalqımızın sabahını – gənc nəsli yaşatmaq, uşaqlar arasında fərqli həyat səviyyəsini yaxşılaşdırmaq üçün xarici ölkələrin diqqətini respublikamıza yönəltməyə çalışərdı. İdman sahəsində apardığı mühüm islahatlar bunun bariz nümunəsidir. Bu gün ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların hüquqlarının qorunması üçün geniş hərəkat başlanmışdır. Uşaqların Beynəlxalq televiziya və radio günü münasibətilə keçirilən ənənəvi bayramında iştirak edən ulu öndərimiz Heydər Əliyev demişdir: “Artıq biz ictimai-siyasi cəhətdən çox sabit bir Azərbaycan yaratmışıq. İnsanlar rahat yaşasınlar və biz bunu, sabitliyi daimi edəcəyik... Əmin olun ki, siz bizim rastlaşdığımız çətinliklərlə rastlaşmayacaqsınız. Ancaq bu, sizə imkan verəcək ki, bizim başladığımız işləri daha da uğurla həyata keçirəsiniz. Siz bizim ümidimiz, gələcəyimizsiniz”

Hər bir uşaqın şəxsiyyət kimi formalaşmasında dövlətin milli təhsil sistemi böyük rol oynayır. “Məktəb həyatı təkcə təhsil vermir, eyni zamanda bu, yüksək tərbiyə ocağıdır”- deyən ulu öndər  uşaq və gənclərimizin milli və ümumbəşəri dəyərlər əsasında formalaşdırılmasını, dövlətçilik ideyalarına sədaqət, vətənə, torpağa məhəbbət ruhunda tərbiyəsini daim ön plana çəkirdi. 

Təhsildən kənarda qalan uşaqların məktəblərə cəlb edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq şöbələrində, icra nümayəndəliklərində, azyaşlılarla iş üzrə hüquq-mühafizə orqanlarında ciddi işlər aparılması, kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların  axtarılıb tapılması, onların internat məktəblərinə, uşaq evlərinə yerləşdirilməsi əsas məqsədlərdən idi. Çətin dövr çətin t tərbiyə olunan uşaqlarda yetişdirmişdi. Bu uşaqların  xüsusi nəzarətdə saxlanılması üçün bütün tədbirlər həyata keçirilmişdir. Bu işdə məktəbdənkənar müəssisələrin fəaliyyəti danılmazdır. Çünki təhsil sistemi yalnız uşaq və yeniyetmələrin savad almasını biliklərə yiyələnməsini əhatə etmir, həm də onların şəxsiyyət kimi formalaşmasını nəzərdə tuturdu Bu sistemə isə uşaqların fəaliyyətinin bütün istiqamətləri, o cümlədən asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili də daxil edilmişdir.  Uşaqların həyatını gələçək  uğursuzluqlardan xilas edən bu islahatlar ulu öndərin böyük zəhmət və əzmkarlığı sayəsində həyata keçirilirdi.

Bu gün dünyaya səs salan Azərbaycan gəncləri istər idman sahəsində, istərsədə digər sahələr üzrə böyük uğurlar qazanaraq bayrağımızı bayraqlar arasında birinci edirlər. Bu uğurlu nəticələrin bünövrəsi dahi şəxsiyyət Heydər Əliyevin sarsılmaz əzmkarlığı, böyük zəhməti ilə qoyulub. İdmanın kütləviliyinin genişləndirilməsi, olimpiya hərəkatının inkişafı üçün ayrı-ayrı zonalarda müasir standartlara uyğun idman komplekslərinin tikilərək istifadəyə verilməsi müasir Azərbaycanın Avropa vizyonuna çıxışına hesablanmış ıslahatlardan idi.  H.Əliyev fiziki tərbiyəni daim diqqətdə saxlamağı tövsiyə edirdi: “İdman hər bir insanın sağlamlığıdır. Ona görə də biz idmana çox böyük yol açmışıq. Gənclər gərək fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək biliyə, əxlaqa, tərbiyəyə, yüksək elmə malik olsunlar”.Bu gün gənc və yeniyetmə idmançılarımızın sorağı beynəlxalq, dünya və Avropa çempionatlarından, olimpiadalarından gəlir. Şahmat, dama, voleybol, ağırlıqqaldırma, boks və s. dərnəklərdə məşğul olan uşaqlar vətənimizin adını və bayrağını olimpiadalarda, müxtəlif yarışlarda yüksəklərə qaldırırlar. Bu, böyük uğur və nailiyyətdir.
H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə istedadlı uşalara qayğını dövlət əhəmiyyətli bir işə çevirmiş, burada möhkəm hüquqi baza yaratmışdır. “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında ” fərman imzalamış, həmin fərmanla gənc istedadların “Qızıl kitab”ı, eləcə də prezidentin xüsusi təqaüdü təsis edilmişdir. Sevindirici haldır ki, istedadlarımız internet vasitəsilə dünya uşaqları ilə bilik marafonuna qoşulur, müxtəlif müsabiqələrdə iştirak edirlər.
Uşaqlara bütün sahələrdə göstərilən qayğı bir amala, bir məqsədə ünvanlanmışdır: cəmiyyət üçün layiqli, faydalı insan böyütmək!
Təməli ümummilli lider tərəfindən qoyulan uğurlu layihələr bu gün respublika prezidenti tərəfindən mühüm qərar və sərəncamlarla davam etdirilir. Ölkəmizdə uşaqların sağlam böyümələri, onların hərtərəfli inkişafı üçün Heydər Əliyev Fondu tərəfindən məktəblərin, uşaq evləri və bağçalarının inşası, onların yenidən müasir tələblərə uyğun şəkildə qurulması, həmçinin digər sahələrdə də görülən işlər, gerçəkləşdirilən layihələr, proqramlar isə özünün uğurlu nəticələri ilə hər bir uşağın, gəncin, valideynin üzündə təbəssüm yaradır.

Ölkə prezidentinin uşaqlarla əlaqədar həyata keçirdiyi böyük tədbir və proqramlar içərisində sağlamlıq imkanları məhdud uşaqların da reablitasiyasına xüsusi diqqət yetilir.

Bu gün Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvan şəhərində də Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışında iştirak edən cənab İlham Əliyev  bildirmişdir ki, mərkəzin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı uşaqlar və böyüklər üçün informasiya texnologiyalarının tədrisi, gözdən əlil uşaqlara informasiya texnologiyaları sahəsində bilik və bacarıqların aşılanmasıdır. Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin, həmçinin BMT-nin  İnkişaf Proqramının həyata keçirdikləri  bu layihənin əsasında yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzinin xidmətindən Naxçıvan şəhəri daxil olmaqla muxtar respublikanın 7 rayonunda yaşayan fiziki qüsurlu insanlar uşaqlar və böyüklər istifadə edir. Bu kimi yüzlərlə layihə və proqramların həyata keçirilməsi müstəqil Azərbaycanın parlaq gələçəyi naminə hesablanmış və öz töhfələrini verməkdədir.

Ulu öndər Heydər Əliyev deyirdi ki, “ Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bu günkü həyatınızla təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik işində yaşayan Azərbaycanın böyük binasını qurursunuz. Uşaqlar bizim gələcəyimizdir!”

Bəli, bu gün müstəqil Azərbaycanın bayrağını Qarabağda dalğalandıran,  beynəlxalq olimpiyadalarda dünya arenasında birinci edən, “Azərbaycan” adını ən yüksək elm ocaqlarına tanıdan, bir sözlə Azərbaycan bayrağını bayraqlar içində qürurla yüksəklərə qaldıran gəncləri var. O, gənclər ki, ilk addımlarının xeyir duasını ulu öndərdən alaraq bu gün qürurla ölkəmizi təmsil edirlər. Nə yaxşı ki, Azərbaycanlıyıq, nə yaxşı ki, Heydər Əliyev davamçıları olan  uşaqlarımız, övladlarımız var.

Gözlərində açılır bu millətin səhəri

Sənin adınla bağlı bu xalqın hər zəfəri!

 

Ulduz EYVAZ

Günəş Uşaq Akademiyasının direktoru

Jurnalist