Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd olunub

Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd olunub

03 İyun 2023

Gürcüstanın paytaxtı Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu tədbirdə iştirak etmiş iqtisadiyyat naziri Mikayıl Cabbarov Tviter hesabında bildirib.

"Ulu Öndərin mütərəqqi xarici siyasət kursu Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı, möhkəmləndirilməsi və strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsi üçün möhkəm təməllər yaradıb", - deyə o qeyd edib.

***

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, tədbir Heydər Əliyev Fondu və Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə Zakariya Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında baş tutub.

M.Cabbarov Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmləndirilməsi və strateji əməkdaşlıq səviyyəsinə yüksəldilməsində Ulu Öndərin mütərəqqi xarici siyasət kursunu vurğulayıb. Bildirilib ki, Gürcüstanla həyata keçirilən layihələr regional tərəfdaşlıqda mühüm rol oynamaqla, ölkələrimiz arasında əlaqələri daha da gücləndirib. Ümummilli Lider ölkələrimiz arasında müxtəlif sahələrdə iqtisadi əməkdaşlığın genişləndirilməsini təşviq edib, qarşılıqlı sərmayələrin artırılması, birgə müəssisələrin yaradılması və ticarət əlaqələrinin genişləndirilməsi üçün misilsiz işlər görüb.

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Heydər Əliyevin iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin gücləndirilməsinə verdiyi töhfəni vurğulayıb, Azərbaycanın etibarlı strateji müttəfiq olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarsı Dostluq Qrupunun rəhbəri Soltan Məmmədov Gürcüstanda Ulu Öndərin xatirəsinin hər zaman əziz tutulduğunu qeyd edib, iki ölkə arasında münasibətlərin şaxələndirilməsi üçün görülən işlərdən danışıblar.

Azərbaycanın və Gürcüstanın tanınmış incəsənət xadimlərinin də çıxış etdiyi tədbirdə Heydər Əliyevin 100 illiyinə həsr olunan “Tərəqqinin memarı” adlı fotosərgiyə baxış keçirilib.