
Görkəmli yazıçı, ədəbiyyatşünas alim- Mir Cəlal Paşayev
Mir Cəlal Paşayev XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim, xeyirxah insan, unudulmaz bir şəxsiyyət kimi xalqımızın yaddaşında əbədiyaşarlıq haqqı qazanmış yazıçılardan biridir.
Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açmış, kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirmişdir. 1918-ci ildə Mir Cəlal 10 yaşında ikən atası vəfat etmiş, o, böyük qardaşının himayəsində böyümüşdür.
O, 1918–1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə daxil olmuşdur. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri vəzifəsinə seçilmişdir.
Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsətmişdir. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri danılmazdır.
XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə diqqət çəkən Mir Cəlal az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınır. Azərbaycanın Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi tanınmış söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənir və Azərbaycan ədəbiyyatına sanki yeni bir nəfəs gətirmiş olur.
Xüsusi ilə qeyd edilməlidir ki, XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə Mir Cəlal Paşayevin adı ilə bağlıdır. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutmuş, qələmi ilə öz sözünü demişdir.
1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal elə həmin ildən öz əsərləri ilə oxucularının qəlbinə yol tapa bilir. O, “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nəsr əsərlərinin, “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” hekayələrinin, “Sağlam yollarda”, “Boy” adlı ilk oçerklər və novellaların müəllifi kimi tanınıb.
Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, onun qələminin məhsulu olan “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanmış, bu əsər onu daha da şöhrətləndirmişdir.
Onu da qeyd edək ki, Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunub. “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu” (1937), “Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962), “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və s. kitabları bu qəbildəndir. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı çap edilib ki, bu da böyük bir rəqəm hesab edilir.
XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutmuşdur. “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi həm təhsil alanların, həm də müəllimlərin masaüstü kitabı olmuşdur.
Mir Cəlal Paşayev elmi fəaliyyətlə də məşğul olmuş, 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alməşdır. Müəllif bu əsərləri ilə də elmimizə böyük bir töhfə vermişdir.
Müdriklər deyiblər ki, kamil insan, alim, yazıçı dünyanı təkcə izah etmir, eyni zamanda, onu dəyişdirir, insanların şüuruna, baxışlarına təsir edə bilir. Bu mənada Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, həm də özündən sonra gələn nəsillərə bir örnəkdir.
Mir Cəlal bütün yaradıcılığı boyu oxucuları ilə həmişə səmimi söhbət aparmış, onların qəlbinə yol tapa bilmişdir. Elə buna görə də görkəmli ədibin həyat və yaradıcılığı bu gün nəinki Azərbaycanda, onun sərhədlərindən kənarda da geniş şəkildə öyrənilir və əsərləri müxtəlif dillərdə nəşr edilərək maraqla oxunur.
Bəli, Əməkdar Elm Xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq tarixində elə bir iz qoymuşdur ki, bu, XXI əsrin də ədəbi-elmi zirvəsində görünür. Ədib bu zirvədəki yerini heç vaxt itirməyəcək və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaqdır.
Fəxriyyə Cəfərova
Şəhla Fətəliyeva