Gəncədən gəlirik...

Gəncədən gəlirik... Səməd Canbaxşiyev yazır

04 Oktyabr 2023

Bu il nəhayət ki uzun (15 illik) fasilədən sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Gəncə şəhərinə qastrol səfərinə getdi. Qastrolun hər  bir teatr-musiqi kollektivi, mədəniyyət müəssisəsi üçün hansı əhəmiyyət daşıdığını, nə olduğunu bu sənətdən başı çıxanlar yaxşı bilir. Qastrol səfərini  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yüksək səviyyədə  təşkil etmişdi.

Bu il ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan Peşəkar Teatrının 150 illiyi çərçivəsində teatrların regionlara səfərləri layihəsinə uyğun olaraq həyata keçirilən qastrola 140 yaşlı Naxçıvan Teatrı Viktor Hüqonun “Edama məhkumum son günü” əsəri ilə qatıldı. Gənc baş rejissor Mir Qabil Əkbərovun quruluş və musiqi tərtibatını verdiyi tamaşanın səhnə tərtibatı  Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramova məxsusdur.  Rolları isə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, aktyorlar Mehri NəbiyevaMəmməd Mehdiyev ifa edirlər. Tamaşa iyun ayının sonunda  Naxçıvan Teatrında cəmi bir dəfə oynanmışdı. Bu məzuniyyətdən qayıdan teatr kollektivinin ilk tamaşası idi. Bəlkə də, bunu yeni yaradıcılıq mövsümünün açılışı kimi də  dəyərləndirmək olar.

“Edama məhkumun son günü” tamaşasının premyerasında oyun naxçıvanlı seyrçilərin çox xoşuna gəlmişdi. Həm Hüqo yaradıcılığı, həm Mir Qabil Əkbərov fantaziyası, həm də aktyorların oyunu sanki teatr üçbucağını tamamlayır. Qastrol tamaşası Gəncə Dövlət Dram Teatrının yeni binasında seyrçilərə təqdim edildi. Teatrsevərlərlə yanaşı yerli sənət adamları da tamaşaçı qismində salonda oturmuşdular. Bu isə həm məsuliyyət, həm də Naxçıvan Teatrının yaradıcılıq ənənələrini sərgiləmək üçün yaxşı imkan idi. Yüksək şəkildə, ustalıq, dinamika və peşəkarlıqla  təqdim edilən oyun tamaşaçıların çox xoşuna gəldi. Bunu tamaşadan sonra səhnəyə çıxıb oyunçuları və rejissoru təbrik edən  Gəncə Teatrının aktyorları, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Vəfa Novruzova da hamının diqqətinə çatdırdılar. Gənc bir rejissorun absurd üslubunda Viktor Hüqonun romanını cəmi bir saat on dəqiqədə tamaşaçıya çatdırması doğurdan da həm istedad, həm də bacarıq tələb edən bir faktdır. Bunu Mir Qabil Əkbərovun yaradıcılıq uğuru kimi dəyərləndirmək lazımdır. Gənc aktyorların səhnədə tamaşaçı önündə müxtəlif obrazlara girərək ustalıqla başqalaşmağı bacarması da söylənmən xoş fikirlər sırasında idi. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi , tanınmış rejissor Bəhram Osmanovun aktyor heyətini yaxşı oyuna görə təbrik etməsi də yadda qalan haladır. 

Eyni zamanda qeyd edək ki,  Naxçıvan Teatrının hələ də öz yaradıcılıq ənənələrinə sadiq qalaraq yeniliklərə daim öz səhnəsində yer verməsi də danılmaz faktdır. Uzun illər yaradıcılıq repertuarında yaradılan süni  çətinlikləri yaşamasına baxmayaraq teatr  kollektivinin bu  gün ən müasir standartlara uyğun, orijinal  tamaşalar hazırlaya bilməsi bu sənət ocağının tükənməz potensialından, naxçıvanlı teatr adamlarının istedadından xəbər verir.

Nə isə.. Bir gün Gəncədə oynadığımız tamaşa ilə Naxçıvan Dövlət Milli Dram Teatrının hələ də muxtar respublikanın mədəniyyətini istər ölkədə, istərsə də xarici ölkələrdə də  layiqincə təmsil etməsini sərgiləyə bildik. Xatırladım ki,  bundan əvvəl teatrımızın kollektivi Ümit Görgülünün yazdığı, bu sətirlərin müəllifinin rejissorluğunu etdiyi “Cibimizdəki dəlilik” psixoloji komediyası ilə Türkiyənin İzmir, Sardes, Foça şəhərlərində tamaşaçılara təqdim etmişdi.   

Necə deyərlər, artıq ox yaydan çıxıb, qastrol səfərlərimiz  bundan sonra da davam edəcək. Çünki teatrın hədəfi Azərbaycan Peşəkar Teatrının 150, Naxçıvan Teatrının isə 140 illiyini adına, sənət ənənəsinə layiq şəkildə qeyd etmək və Naxçıvan Teatrını geniş auditoriyaya tanıtmaqdır. Yaşasın Teatr!!!  

Səməd CANBAXŞİYEV

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti