Gənc rəssamların incəsənət döyüşü –V “Art Battle” Batabatda reallaşdı - FOTO
Gənclər arasında muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş “Art Battle” adlı rəssamlıq müsabiqəsinin əsas mərhələsi keçirilib. “Naxçıvan gənclərin fırçası ilə” devizi altında təşkil olunan müsabiqənin həlledici günündə onlayn qeydiyyatdan keçmiş 15 gənc bacarığını nümayiş etdirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin əvvəlində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərəova və Naxçıvan Müəllimlər İnstitutunun (NMİ) müəllimi Murad Babayev ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından bəhs edib, ənənəvi müsabiqənin gənclərin yaradıcılıq potensialının yüksəldilməsindəki rolundan danışıblar. Əlavə olunub ki, muxtar respublikanın 100 illik yubileyi münasibətilə gənclər arasında silsilə tədbirlər keçirilir, gənc nəslə muxtariyyətin əhəmiyyəti və tarixi barədə önəmli bilgilər aşılanır.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, NMİ-nin tərəfdaşlığı ilə Şahbuz rayonu Həsən Əliyev adına Zəngəzur Milli Parkında – Batabat yaylağında təşkil olunan yarışmada gənclər müsabiqə şərtlərinə uyğun olaraq muxtar respublikanın tarixini, mədəniyyətini və təbiətini özündə təcəssüm etdirən rəsmlər çəkiblər.
Nəticələrə gəlincə, layihənin konseptinə uyğun olaraq hər yer üzrə iki qalib müəyyənləşib. Sevinc Fərzəliyeva və Yasəmən Səfərovanın yaradıcılıq işləri münsiflər heyəti tərəfindən 1-ci yerə layiq görülüb. Nuray Abbasova ilə Leyla Əhmədova ikinci olublar. Sunay Qasımova və Aysu Bağışova müsabiqəni üçüncü pillədə tamamlayıblar.
Adıçəkilən gənclərə nazirliyin diplom və hədiyyələri təqdim olunub.
Əlavə edək ki, iştirakçıların nəqliyyat və rəsm ləvazimatları ilə təminatı təşkilatçı qurum tərəfindən həyata keçirilib.