GƏLƏCƏYİN  MÜHƏNDİSLƏRİNİN  FORMALAŞDIRILMASINDA STEAM  METODU  ƏVƏZSİZ  VASİTƏDİR

GƏLƏCƏYİN MÜHƏNDİSLƏRİNİN FORMALAŞDIRILMASINDA STEAM METODU ƏVƏZSİZ VASİTƏDİR

23 May 2023

Texnologiyanın sürətli inkişafı ona gətirib çıxarır ki, gələcəkdə yüksək texnologiyalarla əlaqəli peşələr ən çox tələb olunan peşələrə çevriləcək: İT mütəxəssisləri, kompüter mühəndisləri, proqramçılar. Sonra təbiət elmləri ilə birləşən texnologiya və yüksək texnologiyalı istehsalla əlaqəli peşələrə, xüsusən də bio və nanotexnologiyalar üzrə mütəxəssislərə böyük tələbat olacaq. Mütəxəssislər texnologiya, təbiət elmləri və mühəndisliyin geniş sahələrindən hərtərəfli təlim və bilik əldə edəcəklər.

Təhsil sistemi belə bir tələbatı məktəblərdə çoxlu sayda robototexnika, proqramlaşdırma, modelləşdirmə  və bütün bu istiqamətləri özündə birləşdirən STEAM dərnəklərinin yaranması ilə daha da genişləndirir. STEAM metodu  təbiət elmlərini, texnologiyanı, mühəndisliyi və riyaziyyatı, incəsənəti birləşdirən layihə əsaslı öyrənmə üçün kompleks - intizamlı yanaşmadır. STEAM-da öyrənmə əsasən layihə əsaslı, araşdırma əsaslı, problem əsaslı, mühəndislik və dizayn əsaslı olur.  Şagirdlər hər hansı bir layihəni həyata keçirmək üçün əvvəlcə problem situasiya yaratmalı, araşdırma aparmalı, layihənin planını və maddi-texniki bazasını qurmalı, ən sonda mühəndislik və dizayn cəhətdən layihənin həyata keçirilməsinə başlamalıdırlar. Bütün bu qeyd edilənlərin reallaşdırılmasında şagirdlərdə riyazi, texniki, mühəndislik bilik və bacarıqlarını inkişaf etdirilməsi ən əsas məsələlərdən biri sayılır.

Gənclərin gələcəyin savadlı mütəxəssisləri kimi yetişməsi  XXI əsrin 4K adlandırılan bacarıqları ilə sıx əlaqədardır.

Əvvəlki təhsil sistemində savadlılığı müəyyən edən əsas bacarıqlar oxumaq, yazmaq və hesablama aparmaq idisə, IV sənaye inqilabında isə əsas məqsəd  tənqidi  və kreativ düşünmə qabiliyyətinə, qarşılıqlı əlaqə və ünsiyyət qurma qabiliyyətinə, yaradıcı təfəkkürə malik olma imkanlarına və biznesə, layihələndirməyə, proqramlaşdırmaya yaradıcı yanaşmaya uyğun dəyişikliklərin baş verməsidir. Beləliklə, gələcək 4K-nın əsas bacarıqları formalaşır:

  • Ünsiyyət (communication)
  • Əməkdaşlıq (colloboration)
  • Tənqidi təfəkkür (critical thinking)
  • Yaradıcılıq (creativity)
  • Səhvlərdən öyrənmə
  • Liderlik

Bu bacarıqları yalnız nəzəri dərslərdə, müəyyən riyazi məsələlərin həllində, laboratoriyalarda əldə olunan biliklərlə inkişaf etdirmək olmaz. Bu bacarıqları şagird və tələbələr arasında təkmilləşdirmək üçün mütəxəssislər STEAM-ın tədris modullarından istifadə edirlər. Bu modullar aşağıdakılardır:

  • “Frebelin didaktik sistemi” tədris modulu – həndəsi cisimlər və fiqurlar vasitəsilə ətraf aləmin və riyazi gerçəkliyin dərk edilməsi;
  • “Riyazi inkişaf” tədris modulu – kəmiyyət haqqında fikirlərin formalaşması və kəmiyyət münasibətlərinin inkişafı, say və hesablama fəaliyyətlərinə yiyələnmə;
  • “Eksperimentin aparılması” tədris modulu - təcrübə fəaliyyətində ətraf aləm haqqında fikirlərin formalaşması, vizual və sensor qavrayış prosesində bütün canlılar haqqında məlumatın alınması;
  • “LEGO quraşdırma” tədris modulu - əşyaları qruplaşdırmaq bacarığı, yeni obrazlar yaratmaq, xəyal qurmaq, analogiya və sintezdən istifadə etmək bacarığı, praktik və əqli təcrübə qabiliyyəti;
  • “Bir dünya yaradıram” animasiya studiya tədris modulu – İKT və rəqəmsal texnologiyanın mənimsənilməsi, multimedia texnologiyalarının öyrənilməsi və tətbiqi, bədii və texniki yaradıcılığın sintezi əsasında fəaliyyətin təşkili;
  • “Robototexnika” tədris modulu – robototexnika konstruksiyalarının mənimsənilməsi, alınan biliklər nəticəsində robotların hərəkətinin təşkili, «alqoritm» anlayışının öyrənilməsi, proqramlaşdırmada təcrübə əldə etmək, öz robotunun modelləşdirilməsi;

STEAM texnologiyalarında istifadə edilən platformalar, Tinkercad, Autocad, Leocad, Lego Digital Designer, 3DS Max proqramları şagirdlərin layihələrinin həyata keçirilməsində ən əlverişli proqram təminatıdır. Bu proqramlar özündə riyaziyyat, fizika, kimya, alqoritmləşdirmə, proqramlaşdırma, incəsənət və s. bilikləri birləşdirir.

STEM yanaşması sayəsində şagirdlər baş verən hadisələrin məntiqini dərk edə, onların qarşılıqlı əlaqəsini başa düşə, dünyanı sistematik şəkildə öyrənə və bununla da mühəndislik düşüncə tərzi, kritik vəziyyətlərdən çıxmaq bacarığı, komandada işləmək bacarıqlarını inkişaf etdirə bilir. İdarəetmə, liderlik və özünü təqdimetmə bacarıqları da öz növbəsində şagirdin inkişafının yeni səviyyəsini formalaşdırır.

Yaradıcılıq - yenilik tapmağa yönəlmiş təkmil fəaliyyətdir və bu yanaşma çərçivəsində STEAM texnologiyalarının əsas pedaqoji ideyası gələcəkdə  şagirdlərdə mühəndislik bacarıqlarının və yaradıcı təfəkkürünün inkişafına töhfə verən təhsil prosesinin təşkilidir.

Pedaqoji tədqiqatlar və təcrübələr sübut edir ki, STEAM təhsilinin ideal modeli tədris prosesində nəzərə alınmalı olan müəyyən xüsusiyyətlərə malikdir - konkret dərsin planlaşdırılmasından tutmuş fənləri tədris edən pedaqoji heyət ilə qarşılıqlı əlaqəyə qədər.

STEAM metodunun tətbiqi ilə şagirdlər və tələbələr arasında yeni nəsil ixtiraçılar yetişir. Onlar layihələri hazırlayarkən fənlər arasında inteqrasiya edirlər, məsələn, tələbələr fizika, riyaziyyatla yanaşı, robototexnika və proqramlaşdırma biliklərini də öz layihələrinə tətbiq edirlər. Hər dərsdə tələbələr müasir sənayenin modellərini planlaşdırır, inkişaf etdirir, layihələr yaradır, öz modelini təklif etməyə, təhlil etməyə, nəticə çıxarmağa, onu həyat vəziyyətləri ilə, öz təcrübələri ilə əlaqələndirməyə çalışırlar. Bu, onlara öz qabiliyyətlərinə daha inamlı olmaq, məqsədlərinə doğru getməyi öyrənmək, maneələri dəf etmək, işlərini dəfələrlə yoxlamaq, lakin maneələrin qarşısında geri çəkilməmək imkanı verir. Qruplarda işləyərək şagirdlər və ya tələbələr sərbəst şəkildə öz fikirlərini bildirir, layihələrini təqdim edir, öyrənirlər. Onlar praktiki işlə nə qədər çox məşğul olurlarsa, bir o qədər öz qabiliyyətlərini üzə çıxarır, texniki fənlərə maraq göstərirlər. Bu, gələcək peşəni düzgün seçməyə, mürəkkəb terminologiyanı öyrənməyə və həyatı adekvat qavrayışa hazırlamağa imkan verir.

 

Səminə  RÜSTƏMOVA

Naxçıvan Dövlət Universiteti

Memarlıq və mühəndislik fakültəsi

 Elektronika və informasiya texnologiyaları

kafedrasının müəllimi