Fransa universitetlərində oxuyan 10 yəhudi tələbədən 9-u antisemitizmlə üzləşib
Fransa universitetlərində oxuyan 10 yəhudi tələbədən 9-u antisemitizmlə (yəhudi düşmənçiliyi) üzləşib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Fransanın “Le Parisien” xəbər platforması məqalə yayımlayıb.
Məqalədə bildirilib ki, antisemitizmlə bağlı sorğu Fransadakı Yəhudi Tələbələr İttifaqının (UEJF) tələbi ilə aparılıb və Fransa İctimai Rəy İnstitutu (IFOP) tərəfindən həyata keçirilib.
Sorğunun nəticəsinə görə, Fransa universitetlərində oxuyan 10 yəhudi tələbədən 9-u (91%) onların tələbə olduqları dövrdə ən azı bir dəfə antisemit hərəkətlə üzləşdiyini deyib. 77 faiz yəhudi tələbə Fransada antisemitizmin geniş yayıldığını söyləyiblər.
Bu hərəkətlərin mahiyyət etibarilə müxtəlif olduğuna da diqqət çəkilib. Belə ki, yəhudi tələbələr arasında milliyyəti ilə bağlı zarafatlarla üzləşənlərlə yanaşı, fiziki zorakılığa məruz qalanlar da olub.
Tələbələr bildiriblər ki, antisemitizmi irqçilik, cinsiyyətçilik və homofobiya kimi ayrı-seçkiliyin digər növlərindən daha ciddi bir problem olaraq görürlər.