Əsrin faciəsindən əsrin ədalətinə bir "Nişanə"... -

Əsrin faciəsindən əsrin ədalətinə bir "Nişanə"... - Mətin Kamal yazır

02 Oktyabr 2023

Erməni, sənə fakt göstərirəm!

Bakı şəhərində Şəhidlər Xiyabanında “Xocalıdan 5 yaşlı qız” adlı bir məzar var. Bu balaca körpənin adı bəlkə də Leyla, Lətifə, Sevinc, Aygün...Bilmirik nədi. Amma biz ona Nişanə deyirik. Xocalı nişanəsi. Bizim üçün Xocalı nişanəsi, bəşəriyyət üçün isə erməni "yadigarıdır." Erməni vəhşiliyinin 30 illik təzahürü olan bu məsum körpəni erməni terroru bu günə salıb. İllərdir ki, əsassız şəkildə tariximizi oğurlayan, tarixi abidələrimizi dağıdan, məzar üstü türbələrimizi məhv edən erməni barbarlığı, xunta rejimi həm də körpə uşaqların qatilidir. Xocalının beş yaşlı Nişanəsindən bu günə qədər qalan heçnə yoxdur. Heç şəkilləri belə. Onun simasını görən yeganə "insan" isə uşaq qatilidir.

İndi bu səssiz məzar bura gələn hər kəsə sadəcə bir nağıl danışır. "Divlər"in nağılını. Axı onun tək qorxusu divin Məlikməmmədi öldürməsi idi. Biri vardı, biri yoxdu ilə başlayan nağıl bu naməlum körpə üçün faciə ilə bitdi. Amma o balaca körpə anlamadı ki, o gecənin qəhrəmanları yeni əsrin yeni nağılını yazdılar. Burda da divlərlə savaşmaq yada divlərə yem olmaq vardı. Naməlum körpə o məzarda otuz ilə yaxın bir zamanda Məlikməmmədin gəlməyini gözlədi. Nə qısa... amma nə uzun nağıldı bu.

Erməni vəhşiliyinə son qoyan Azərbaycan əsgəri Nişanə üçün Məlikməmməd oldu. Elə nağıldakı kimi Məlikməmməd divləri öldürdü… Haqq savaşımızda Azərbaycan əsgəri erməni vəhşiliyinə son qoydu. Necə deyərlər, qisas qiyamətə qalmadı. Azərbaycan əsgəri təkcə torpaqlarını işğaldan azad etmədi, həm də minlərlə körpənin, qocanın, qadının qisasını aldı. Xunta rejimi bizə Xocalı kimi soyqırımı yaşatdı, körpə uşaqlarımıza, qadınlarımıza, qocalarımıza insanlığa sığmayan işgəncələr verdi. Misli görünməmiş bu vəhşiliklər isə heç bir insani davranışlara sığmırdı.

Bütün bu ağrı-acıları duyan, hiss edən, canlı şahidlərdən eşidən Azərbaycan əsgəri isə qisas hissini yalnız döyüş meydanına saxladı. Xocalıdakı körpələrin, Bərdəyə, Gəncəyə atılan raketlərin, orda vəhşicəsinə ölən körpələrin qisasını erməni ordusunu darmadağın edərək aldı.

Müharibədən bir anı xatırlayaq:

Ermənilər Şuşada körpə uşağı qoyub qaçmışdılar. O uşağı tapan Azərbaycan əsgəri ona mərmi yox şirniyyat yedirtdi. Düşmən körpəsi olsa belə onu bağrına basdı. Xocalı kimi insanlığın utancı olan bir faciəni yaşayan Azərbaycan oğlu düşmənin təkcə körpəsinə deyil, hətta əsir düşən qadınlarına belə sahib çıxdı. Beləcə dünya bir daha anladı ki, Azərbaycan əsgəri sülhün, ədalətin və insanlığın əsgəridir.

Artıq Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib. Ermənistan silahlı birləşmələri Azərbaycan torpaqlarından çıxarılıb, işğal altına qalan torpaqlarımız işğaldan azad edilib.

Azərbaycan Ermənistandan fərqli olaraq, tarixi torpaqlarında yaşayan erməni əsilli vətəndaşlarına sahib çıxır, onlara Azərbaycan bayrağı, Azərbaycan qanunları altında yaşamağı təklif edir. Hətta Qarabağın erməni əsilli sakinlərinə humanitar yardımlar göndərilir, yanacaq, ərzaq və digər yardımlarla təmin edilir.

Bütün bunlara baxmayaraq ermənilərin Xankəndini, Ağdərəni, Xocalını tərk etdiyini görürük. Bəlkə də ona görə tərk edirlər ki, revaşist rejimə sığınıb Azərbaycana yenə şər, böhtan yaxıb, xaricdəki ağalarına yalvarsınlar. Yalvarsınlar ki, azərbaycanlılar bizi yola vermir. Azərbaycan torpaqlarını tərk edən ermənilərə isə rahat gediş üçün hər cür şərait yaradılır, təhlükəsizlikləri tam təmin olunur. Hətta bu gedişdə öz millətini pisləyən, "Erməni bir millət deyil, Allah haqqı" deyən erməniləri də görürük.

Ötən günlərdə sosial şəbəkələrdə erməni uşaqlarına şirniyyat, su paylayan Azərbaycan polislərini də gördük. İllərdir ki, içimizdə qisas hissi yanıb-alışsa da biz sivil insanlara toxunmadıq, zərər vermədik. Əslində bu bir millətin böyüklüyü, dözümü, ucalığı deməkdir. Biz körpələrin qatili yox, düşmənlərin qorxulu röyasıyıq. Yaxşı deyiblər, gərək adamın düşməni də kişi ola. Elə erməninin tək xoşbəxtliyi budur. Ədalət yer üzündə Allahın tərəzisidir. Biz ədaləti bərpa etdik. Ədalətsizliyi də ədalətlə yıxdıq. Əli Azərbaycan vətəndaşının qanına bulaşan hər kəs - xunta rejiminin üzvlərinin hamısı Azərbaycan qanunları qarşısında cavab verəcək, ədalətə təslim olacaq.

Beləcə bizim də bir nişanəmiz oldu. Bu nişanə isə 5 yaşlı məsum körpə yox, dünyaya ƏDALƏT NİŞANƏSİ oldu.

Erməni, sənə fakt göstərirəm.

Sənin "Nişanə"n əsrin faciəsinə nişanədir. Biz isə ƏSRİN ƏDALƏT nişanəsi yaratdıq.

İndi Xocalılı Nişanə Azərbaycan qızının ruhu şaddır!

Mətin KAMAL
jurnalist