Ərtoğrol Cavid, yaxud bir ailənin dramı

Ərtoğrol Cavid, yaxud bir ailənin dramı

09 İyul 2024

ƏRTOĞROL CAVİD - 105

“Görkəmli mütəfəkkir-şair Hüseyn Cavidin ailəsində anadan olan, Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan, musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavid” (Ərtoğrol Cavid oğlu Rasizadə) kimdir və onun Azərbaycan xalqı üçün xidmətləri nədən ibarətdir?

“Babam (Hüseyn Cavid) bir günəş idi.Yüksəldi, parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar. Buludlar onun atəşli işıqlarını udmaq istədilər... ” – Azərbaycan romantizminin aparıcı simalarından olan Cavid Əfəndi haqqında oğlunun 1939-cu ildə yazdığı bu fikirləri atasından daha az ömür yaşamış, incəsənətin bir neçə sahəsində misilsiz istedadı ilə yaddaşlarda qalan Ərtoğrol Cavidin özünə də tərəddüdsüz aid etmək olar. Rəsmi şəkildə olmasa da, ötən əsrin 30-cu illərinin amansız repressiyasına məruz qalan, cəmi 24 il çoxşaxəli fəaliyyət göstərən bu istedadlı gənc “xalq düşməni”nin övladı olması səbəbindən cəbhəyə alınmaq əvəzinə Gürcüstana fəhlə batalyonuna göndərilmişdir. Burada həm ağır iş şəraiti, həm güclü soyuqlaması, həm də yaxşı qidalanmaması onun sağalmaz xəstəliyə düçar olmasına və qısa zaman içində bu xəstəliyin şiddətlənməsinə səbəb olmuşdur. Bu zamanlar Ərtoğrol Cavidin həqiqətən də, misilsiz istedadıyla Günəş kimi parladığı vaxtlar idi. Belə ki, həm atasının məsləhət və tövsiyələrini nəzərə alaraq bədii yaradıcılıqla, həm dahi bəstəkar Üzeyir Hacıbəyovun və Bülbülün rəhbərliyilə bəstəkarlıqla məşğul olmuş, həm qrafika üsulu ilə, portret janrında bənzərsiz rəsm əsərləri yaratmış, folklor toplayıcısı, bir sıra mətnlər üzərindəki rəylərinə əsaslanaraq demək olar ki, həm də musiqişünas kimi uğurlu addımlar atmışdır.

Ərtoğrol Cavid 22 oktyabr 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının çiçəkləndiyi bir dövrdə Bakıda böyük romantik şair və istedadlı dramaturq Hüseyn Cavid Rasizadənin ailəsində dünyaya göz açmışdır. Anası Mişkinaz xanım çox güclü hafizəyə malik, son dərəcə müasir dünyagörüşlü, zəngin mütaliəyə malik bir qadın olmuşdur. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simaları olan Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn, Abdulla Şaiq, Ömər Faiq Nemanzadənin tez-tez gəldiyi, ədəbiyyat, şeir söhbətlərinin, mübahisələrinin, dünya ədəbiyyatının şedevrlərinin müzakirəsinin yer aldığı bu ədəbi məclislər ailənin ilk övladının incəsənətə, bədii ədəbiyyata, xalq ədəbiyyatına tükənməz sevgisinin yaranmasına səbəb olmuşdur. Ərəb əlifbasını ailə üzvlərinin hamısına sıra ilə mənimsədən böyük ədib övladlarını hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşdırmağa xüsusi diqqət yetirmişdir. Ailə üzvlərini müntəzəm şəkildə teatr tamaşalarına aparmaqla kifayətlənməyən ədib tamaşaların onlarda yaratdğı təsirlə, gənclərin əsəri necə anlamaqları ilə bağlı suallar verərmiş. Bu barədə Turan Cavid “Atam haqqında xatirələrim”də yazır: “Ərtoğrol məndən bir neçə yaş böyük olduğuna görə və yaxşı hazırlığına görə onun cavabları daha doğru və əsaslı olurdu. Bizi dinlədikdən sonra özü gördüyümüz tamaşanı təhlil və izah etməyə başlar, çox maraqlı fikirlər və mülahizələr söylərdi”. Pedaqoji İnstitutun dil və ədəbiyyat fakültəsində təhsil aldığı illərdə müəllimi olmuş akademik Məmməd Cəfər Cəfərov Ərtoğrolun tənəffüslərdə də həmişə sinif otağında olduğunu, qarşısında nadir kitablar (hətta bəzilərini müəllimlərinin belə mütaliə etmədiyi – A.O.), dəftər, əlində qələm nəsə oxuduğunu, düşündüyünü, müəllimlər arasında çox böyük hörməti olduğunu yazmışdır: “O, heyranedici idi, onun çalışqanlığı, mütaliəsi və hərtərəfli inkişaf etmiş adam olması çox yaxşı təəssürat yaradırdı”.1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra o, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olmuşdur. Onun müəllimi - dahi bəstəkar, konservatoriyanın rektoru Üzeyir Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları”ndan gənc Ərtoğrola dərin bilik vermiş, onun bu sahədə fitri istedadı olduğunu dönə-dönə qeyd etmişdir. Bəstəkarlıq sahəsində də Ərtoğrolun ilk uğurları sevimli müəlliminin rəhbərliyi altında olmuşdur. Son dərəcə mədəni, təvəzökar, sakit təbiətli bir insan olan Ərtoğrol çox gözəl piano, fortepiano çalar, skripkanı bir alət kimi dərindən duyar, onun bütün imkanlarından istifadə edərmiş. Ailəsinin maddi ehtiyaclarını ödəməkçün gənc Ərtoğrol tələbəlik illərindən  Azərbaycan opera müğənnisi, Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbül tərəfindən konservatoriyada xalq musiqisinin tədqiqatı ilə məşğul olan Musiqini Elmi Tədqiqat Kabinəsinin üzvü kimi – elmi işçi vəzifəsində böyük həvəslə çalışmışdır. O, ölməz müğənnimiz Bülbül ilə birlikdə Azərbaycanın bir sıra rayonlarına olan folklor ekspedisiyalarında iştirak etmişdir. Ərtoğrol Cavid bütün toplama materiallarına çox ciddi və məsuliyyətlə yanaşmış, onların məziyyətləri ilə yanaşı nöqsanlarını da nəzərə çatdıraraq arzu və təkliflərini bildirmişdir. Bu tənqidi qeydlər onun Azərbaycan etnoqrafiyasını, folklorunu və musiqi sənətini dərindən bildiyini və şifahi xalq ədəbiyyatının estetik-tərbiyəvi əhəmiyyətinə yüksək dəyər verdiyini sübut etməkdədir. Hüseyn Cavidin Bakı şəhərindəki Ev Muzeyində saxlanan həmin materiallar əsasında 2011-ci ildən başlayaraq 13 cildlik  “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adlandırılan toplu nəşr olunmuş, burada Ərtoğrol Cavidin materiallar üzərindəki tədqiqatını ilkin dəyərləndirən müqəddimələr də öz əksini tapmışdır. Nəşrin tərtibçisi filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı, fars dilində olan mətnlərin tərcüməçisi və redaktoru isə akademik Teymur Kərimlidir.

Ərtoğrol Cavid həmçinin 1941-1942-ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Gənc Ərtoğrol qələmini nəsr, dramaturgiya və poeziya sahəsində də sınamış, “Eqoistin taleyi” adlı bir pyes yazmışdır. Xalq mahnılarını, el havalarını nota köçürmüş, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya almış, öz yaradıcılığında onlardan qidalanmışdır. İlk böyük əsəri fortepiano üçün yazılmış və Üzeyir Hacıbəyova ithaf olunmuş “Doqquz Variasiya”dır. Skripka ilə fortepiano üçün poema, Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun”, türkmən şairi Kəminənin “Leylanın vəsfi”, Tahir Rasizadənin “Səninlə olaydım” və s. şeirlərinə romans və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlarkən “Sərhəddən məktub” simfonik balladası və marşlar yazmış, lakin “Şeyx Sənan”, “Məhsəti” operaları, bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır. Ərtoğrol Cavid “Şeyx Sənan” operasının birinci pərdəsinin librettosunu da yazmışdı. Sonralar bu əsərin tamaşasına onun tələbəlik dostu Fikrət Əmirov musiqi bəstələmişdir.

Ərtoğrol Cavid bir sıra məşhur Azərbaycan xalq mahnılarını – “Dağlarda çiçək”, “Uca dağlar”, “Sona bülbüllər”, “Ceyran bala” və s. nota salmış, Avropa və rus bəstəkarlarının romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir. Bacısı Turan xanım yazmışdır: “Fikrət Əmirov Ərtoğrol Cavidin Musiqini Elmi Tədqiqat Kabinəsində işlədiyi illərdə yazdığı professional rəylərə əsaslanaraq demişdir ki, Ərtoğrul yaşasaydı, gözəl bəstəkarmı, yaxud musiqişünasmı olacağını demək çətindir. Bəstəkarlar içərisində ədəbiyyatı, folkloru, dili, mətni onun səviyyəsində bilən yox idi”.

Ərtoğrol Cavid 1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağrılmış, “Xalq düşməni”nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdir. Çox güclü soyuqdəymə nəticəsində Gürcüstanda bir müddət xəstəxanada yatmış, professor Əziz Şərifin köməkliyi ilə nəhayət Naxçıvana gətirilmişsə də, yaxşı qidalanmaması və digər maddi səbəblərdən 24 yaşının tamam olmasına bir həftə qalmış - 14 oktyabr 1943-cü ildə Naxçıvanda “ağrılı-acılı, dərdli, nisgilli bir halda, atası oğlundan, oğul atasından bixəbər dünyadan” köçmüşdür. Məzarı ölümündən 53 il sonra - 1996-cı ildə ümummilli lider Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinə köçürülmüşdür. Ərtoğrol Cavidin şəxsi arxivi Bakıda AMEA Hüseyn Cavidin Ev Muzeyində saxlanılır və nümayiş olunur.

Azərbaycanda Ərtoğrolşünaslığın tarixi XX əsrin 80-ci illərindən başlamışdır: “Böyük Cavidin həqiqi bəraəti xalqımızın ümummilli lideri Heydər Əliyevin 1981-ci ildə onun 100 illik yubileyinin keçirilməsi haqqında verdiyi tarixi qərardan sonra baş tutduğu kimi, Ərtoğrol Cavidin də həqiqi bəraəti və onun haqqında layiq olduğu sözlərin deyilməsi və yazılması məhz keçən yüzilliyin 80-ci illərindən sonra gerçəkləşdi”. Beləliklə, Ərtoğrolşünaslığın tarixi o qədər də qədim olmayıb, 50 ilə yaxın bir dövrü əhatə edir. Belə ki, Ərtoğrol Cavidin musiqi yaradıcılığı barədə ilk dəfə Azərbaycanın Xalq yazıçısı Anar bəhs etmişdir. “Böyük sənətkarın sənətkar oğlu” adlanan həmin məqalədə Anar yazır: “Üzeyir Hacıbəyov haqqında ssenari üzərində iş zamanı arxiv materialları ilə tanış olarkən Ərtoğrol Cavidin Cəlal Bağdadbəyovun “Azərbaycan musiqisinin keçmişi haqqında xatirələr” əlyazmasının və Cabbar Qaryağdıoğlunun Azərbaycan klassik musiqisi ilə əlaqədar materiallarının sonunda bu əsər haqqında qısa, yığcam, professional səriştəylə yazılmış rəylərə və “Ərtoğrol Cavid” imzasına rast gəldim. 1938-1939-cu illərdə hazırlanan “Azərbaycan musiqisi tarixi oçerkləri” proyekti haqqında da dəqiq mülahizələrə əsaslanan bir rəy yazmışdır”. Əslində, Anarın həyat yoldaşı, akademiyanın İncəsənət və Memarlıq İnstitutunun musiqi şöbəsinin müdiri Zemfira xanım Səfərova tədqiqat işi apararkən 40-ci illərə aid materiallarda “Ərtoğrol” imzasına ilk dəfə rast gəlmiş, bu imza ilə bağlı Anardan soruşmuşdur. 40 ildən sonra ilk dəfə Zemfira xanım və Xalq yazıçısı Anar onun arxivini Turan xanımdan əldə edə bilmişlər. Bir qədər keçdikdən sonra 1980-ci ilin noyabr ayında “Ədəbiyyat və incəsənət” qəzetində Anarın son dərəcə böyük bir ürək ağrısı, həssaslıq, məhəbbət və səmimiyyətlə yazılmış həmin bu yazısı çap olunmuşdur. Turan xanım qeyd etmişdir ki, əgər Zemfira xanım Ərtoğrolun yazılarına rast gəlməsəydi və sonralar onun gördüyü işlərin qiymətinin nə dərəcədə yüksək olduğu bəlli olmasaydı, kim bilir, bəlkə mən də bunu uzun illər aşkar etməyə çəkinər və göstərməzdim. Məqalə müəllifi: “sənətkar ölümü ağır itkidir, amma ömrünün, istedadının çiçəkləndiyi dövrdə dünyayla vidalaşmış şairin, nasirin, rəssamın, bəstəkarın vəfatı – ikiqat yandırır” – qənaətinə böyük sənətkarın istedadlı davamçısı Ərtoğrolun məktublarının birində ifadə olunmuş “daha ağır dərd ayrı düşüb qəriblikdə həsrətlə ölməkdir”  fikri də əlavə olununca bu vətənpərvər, qeyrətli, istedadlı gəncin həyatdan nakam getməsinə nə qədər təəssüflənir insan. İstedadlı gənc atasının dost-tanışlarından, qohumlardan – bir sözlə hər kəsdən ümidini kəsərək “ölümündən bir az əvvəl Naxçıvandan evlərinə yolladığı məktubu “Kimsəyə salam söyləməyin” - deyərək tamamlayır. 

1981-ci ildə “gənc yaşlarından çətin sınaqlar qarşısında qalmış və bu sınaqlardan şərəflə, ləyaqətlə çıxmış” (Xalq yazıçısı Anar) Ərtoğrol Cavidin xatirəsinə həsr olunmuş ilk televiziya verilişi tamaşaçılara təqdim olundu. Xalq yazıçısı Anarın təşəbbüsü və aparıcılığı ilə araya-ərsəyə gələn bu verilişdə vaxtilə Pedaqoji Universitetdə Ə.Cavidə dərs demiş akademik Məmməd Cəfər Cəfərov, Xalq artisti, bəstəkar Cahangir Cahangirov, Ərtoğrolun bacısı Turan Cavid və sinif yoldaşı Ətaulla Qasımov onun haqqında unudulmaz xatirələrini, bənzərsiz istedadı barədə düşüncələrini dilə gətirmişlər. Həmin bu verilişdə son dərəcə çətin və məşəqqətli həyat yolu keçmiş Ərtoğrol Cavid haqqında söylənilmiş dəyərli fikirlərin bəzilərini AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı 2009-cu ildə “Ədəbiyyat qəzeti”ndə çap olunmuş “Ərtoğrul Cavid” adlı məqaləsində ictimaiyyətə çatdırmışdır.

Ərtoğrol Cavidin dövrü, həyatı, mühiti, bədii yaradıcılığı, ədəbi və elmi fəaliyyət istiqamətləri Solmaz Haşımova Ərturanın 2002-ci ildə nəşr olunmuş “Ərtoğrol Cavid – şəxsiyyəti və irsi” monoqrafiyasında ətraflı tədqiqata cəlb olunmuşdur. Giriş, iki fəsil və nəticədən ibarət olan bu monoqrafiya “Ərtoğrol Cavidin ömür yolunun inkişaf mərhələlərini işıqlandırmağa təkan verən bütün materiallar”ın diqqət önünə çəkilməsi və bu mövzuda ilk sistemli elmi əsər olması baxımından xüsusi əhəmiyyətə malikdir.

Ərtoğrolşünaslıq tarixində əvəzsiz xidmətləri olan şəxsiyyətlərdən biri isə əbədi Turan sevgisi ilə yaşayaraq bu adı özünə təxəllüs olaraq götürən, həm Hüseyn Cavid, həm də Əli bəy Hüseynzadə haqqında arxiv materiallarına əsaslanan ən sanballı əsərlərin müəllifi, “Hüseyn Cavid” mükafatı laureatı, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Azər Turandır. O, 2005-ci ildə Ərtoğrol Cavidin şeirlərini, nəsr və dram əsərlərini, bəstələrini, məktublarını bir yerə toplayaraq “Ərtoğrol Cavid yazıları, rəsmləri, bəstələri, məktubları” adıyla nəşr etdirmişdir. Özünün qeydlərinə əsaslansaq, 2003-cü ildən başlayaraq onun bütün yazdıqlarını bir-bir gözdən keçirərək, neçə yuxusuz gecələrini bu mətnləri kompüterin yaddaşına köçürməklə keçirən Azər Turan Ərtoğrol Cavid irsini oxuculara çatdırmaq, tədqiqatı üçün zəmin hazırlamaq kimi şərəfli bir vəzifəni üzərinə götürmüşdür. “Ərtoğrol bəy” adlı ön sözdən sonra kitabda “Şair”, “Yazıçı”, “Tələbə”, “Dramaturq”, “Tədqiqatçı”, “Müəllim”, “Bəstəkar”, “Rəssam” kimi bölmələrdə müvafiq əsərləri yer almış, “Şəhid məktubları” bölməsində isə dəyərli tədqiqatçının həqiqətən də ən müqəddəs bir zirvə olan “Şəhid” adına layiq gördüyü, şərəfli və faciəli bir həyat sürmüş Ərtoğrol Cavidin ailəsinə və Üzeyir Hacıbəyov və başqalarına olan məktubları öz əksini tapmışdır. 

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, şair, dramaturq Həsənəli Eyvazlı 2004-2008-ci illərdə həyatdan nakam getmiş istedadlı gəncin həyatı və çoxşaxəli yaradıcılığından, şair, bəstəkar, rəssam kimi fəaliyyətindən bəhs edən “Ərtoğrol Cavid, yaxud bir ailənin dramı” mənzum faciəsini qələmə almışdır. Əsərdən əvvəl verilmiş “Müəllifdən” adlı qeydlərdən əsərin yazılmasında müəllifin əsas məqsədinin Hüseyn Cavid ailəsinə qarşı xalqımızın qəlbində olan məhəbbəti bir az da artırmaq olduğu aydın olur. Əsərdə amansız repressiya dövrünün qurbanı olmuş böyük mütəfəkkir, şair, dramaturq Hüseyn Cavidin və onun ailə üzvlərinin faciəli taleyindən, 24 il qısa və mənalı ömür sürmüş Ərtoğrol Cavidin şair, bəstəkar, rəssam kimi fəaliyyətindən bəhs olunur. Müəllif həm də Cavidlər ailəsinin həyatlarındakı önəmli hadisələrdə aylar və rəqəmlər düzümünə də diqqəti cəlb edir – 59, 3 və 13 rəqəmlərinin sirli təkrarı və s.  Əsərdə böyük vətən aşiqi bir şairin övladı kimi Ərtoğrol milli varlığımıza, xalq ədəbiyyatımıza, xalq musiqisinə, ədəbiyyat və incəsənətə qırılmaz tellərlə bağlı olan bir insandır. İncəsənətin üç sahəsində - rəsm, musiqi və ədəbiyyat sahələrində orijinal istedada malik olan bu gənc həm də ən yüksək insani hissləri, zəngin mənəviyyatı ilə ətrafındakıların məhəbbətini qazanmışdır. Onun tələbə yoldaşı Nigara olan gizli, saf və ülvi məhəbbəti də böyüklüyü ilə seçilir.   

Böyük şairin Sibirə sürgünə göndərilərkən ömür-gün yoldaşı Mişkinaz xanıma dediyi son sözləri - “Nə qələmin susacaq, nə gülüm solacaq” əsərə epiqraf olaraq verilmişdir. Əsərdə romantik şair Hüseyn Cavidin və onun ailə üzvlərinin, SSRİ Ali Sovetinin deputatı olmuş, istedadlı bəstəkar Üzeyir bəy Hacıbəyovun, SSRİ Xalq artisti, unudulmaz müğənni Bülbülün yaddaqalan obrazları yaradılmışdır. Mənfi planda işlənmiş obrazlar isə Hüseyn Cavidin “İblis” mənzum faciəsinin xəyali obrazlarından olan İblis və 3 nəfər DTK-nın müstəntiqləri -  Stepan Yemelyanov, Ruben Markaryan və Xoren Qriqoryandır. Nigar isə Ərtoğrolun tələbə yoldaşı, qəlbində gizli saxladığı sevgilisidir. Əsərdə “qəlbində gəzdirdiyi pünhan sevgisini özü ilə əbədiyyət dünyasına” aparan Ərtoğrol Cavid həm də böyük və saf məhəbbətlə sevən, fədakar bir aşiq kimi diqqəti cəlb edir. 

Birinci pərdənin birinci şəklindən gənc Ərtoğrolun əlyazması şəklində olan şeirlərindən və onun bu sahədəki istedadına özünün və atası Hüseyn Cavidin inamından danışılır. İlk qələm təcrübələrindən olan “Ay” şeirini Turana oxuyan Ərtoğrolu təsadüfən Hüseyn Cavid də dinləyir və həm valideyn və həm də istedadlı bir şair kimi öz xeyir-duasını verir. Lakin əsərdə təqdim olunan bu şeir “Ərtoğrol Cavid yazıları, rəsmləri, bəstələri, məktubları” kitabındakı “Ay” şeirindən bir qədər fərqlənir. Əsərdəki nümunəni təqdim edirik:

Buludlar qarışmış parlayan aya,

Sakitlik çökmüşdü güllü bağçaya.

Yaşıl ormanlara, dənizə, çaya,

Fəqət bu səhnəyə uyan olmadı.

 

Suya düşdüyündən ayın kölgəsi,

Bükülmüş ağaclar, qayalar həpsi.

Dinləmək istərdi titrəyən səsi,

Əfsus, masal deyən ahyan olmadı.

 

Küləkdən bəyaz ay donmuş göründü,

Ulduzla bəzənmiş tülə büründü.

Süzgün üfüqlərdə boğulub söndü,

Bu xoş mənzərəni duyan olmadı.

Adını yuxarıda qeyd etdiyimiz kitabda isə şeir daha poetik, daha mükəmməl variantdadır:

Buludlar qarışmış parlayan aya,

Bayğınlıq çökmüşdü güllü tarlaya.

Dərdimi söylərkən inləyən çaya,

Yazıq, fəryadıma uyan olmadı.

 

Suda gülümsərkən ayın şöləsi,

Aldımı üstünü bulud kölgəsi?!

Dinləmək istərkən inləyən səsi,

Külək qopdu, buna imkan olmadı.

 

Çırpınıb, titrəyib tülə büründü,

Buludlarda həzin-həzin süründü.

Süzgün üfüqlərdə bayıldı, söndü,

Bu xoş mənzərəyi duyan olmadı.

Birinci şəkildə Üzeyir bəylə Cavidin söhbətlərindən Ərtoğrolun tələbəliklə yanaşı bəstəkar kimi fəaliyyəti və bu sahədə də misilsiz istedadının olduğu anlaşılır. Moskvadan yenicə gəlmiş Üzeyir bəy Stalinin rəhbərliyi ilə orada kütləvi repressiyaların, həbslərin başlandığını xəbər verir və dostlarını, həmkarlarını da ehtiyatlı olmağa çağırır. İkinci şəkildə Ərtoğrolun institut həyatı canlandırılır, aşiq olduğu tələbə yoldaşı Nigar adlı bir qızın rəsmini çəkməsi, təsadüfən Firəngizin rəsmdəki qızın Nigar olduğunun fərqinə varması, gənclərin rəssamlıq barədə fikirlərini paylaşmaları Ərtoğrol Cavidin incəsənətin bu sahəsində də istedadının olduğunu və yaratdığı əsərləri sadəcə baxıb təkrarlamaqla deyil, ruhunda yaşadıb duyaraq hər adi cizgiyə bir məna verdiyini öyrənirik:

Üzdə hər cizginin öz mənası var,

Biri pəjmürdədir, biri bəxtiyar.

(əli ilə şəkildəki əksin gözaltı cizgilərini göstərərək)

Bax, burda yorğunluq, nigarançılıq,

Burada sevginin izi görünür.

Bu gözün içində, qara gilədə,

İnsanın varlığı, özü görünür.

Və ya:

Rəssam çəkə bilməz sevmədiyini,

Tabloda göstərir nə dediyini.

Müəllif İblisin dilindən verilmiş parçaları Hüseyn Cavidin “İblis” faciəsindən eynilə götürərək əsərə daxil etmiş, bir çox faktlara əsaslanmaq üçün ictimai xadim, akademik, yazıçı və publisist Rafael Hüseynovun əsas qəhrəmanları Müslüm Maqomayev, Hüseyn Cavid və Ərtoğrol Cavid olan “Vaxtdan uca” əsərinə istinad etmişdir. Cavidə qarşı irəli sürülən ittihamlar, guya günün nəbzini tuta bilməməsi ilə bağlı haqsız tənqidlər və Cavidin öz məramından, öz amalından dönməyərək kimsəyə boyun əyməyə razı olmaması, onu DTK-da pantürkistlikdə ittiham edən Yemelyanov, Markaryan, Qriqoryan üçlüyünə verdiyi tutarlı cavablar, əyilməzliyi, dönməzliyi Cavidi tam bir xarakter olaraq təsəvvür etməyə imkan verir. Əsərin birinci pərdəsi Cavidin mühakiməsi və haqqında həbs hökmünün çıxarılması ilə sona çatır. İkinci pərdədə Ərtoğrol Cavidin xarakterinin açılmasına xidmət edən məqamlar vurğulanır: bəstəkarlıq fəaliyyəti, nota köçürdüyü xalq mahnıları, Üzeyir bəy vasitəsilə Bülbüllə tanışlığı, yaradıcılığının ən yüksək zirvəsini yaşadığı vaxtda əsgərliyə çağırılması, bu xəbəri mərdcəsinə, gülərüzlə qarşılaması, bununla başlayan həyatının ən çətin anları, lakin heç nəyə baxmayaraq ümidini itirməməsi onu əsl Cavid adına layiq bir övlad kimi oxucuların nəzərində canlandırır. Əsərin ən təsirli hissələri Ərtoğrolun ölümü, dəfn mərasimində ümumiyyətlə, qorxudan çox az insanın iştirak etməsi, anası və bacısının iştirak edə bilməməsi, Mişkinaz xanımın bu xəbərdən sarsılması, Şahsənəm nənənin və Mişkinaz xanımın dilindən deyilən ağılardır. Əsər Hüseyn Cavidin “Şeyx Sənan” mənzum faciəsinin sonluğuna bənzər şəkildə tamamlanır. Ərtoğrolun vəfatından uzun zaman keçmiş, Mişkinaz xanım və Turan Cavid də haqq dünyasına qovuşmuşlar. Bir-birindən ayrı düşərək qəriblikdə həyatlarını tapşıran ailə üzvlərinin ruhları Naxçıvanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ciddi səylərinin nəticəsi olaraq uzaq Sibirdən doğma vətəninə gətirilmiş cənazəsinin üzərində qaldırılmış möhtəşəm məqbərədə bir-birinə qovuşmuş, son dərəcə xoşbəxt şəkildə təsvir olunmuşdur. Bu misilsiz xidmətinə görə böyük şairin və bütöv bir xalqın ulu öndərə minnətdarlığı da əsərdə öz bədii əksini tapmışdır:  

Bizi el-obayla görüşdürənə,

Yurdu azadlığa qovuşdurana,

Min rəhmət dilərəm ulu Tanrıdan

Hifz etsin nəslini onu Yaradan.

Kəsdi bu torpaqdan qanı, qadanı,

Tanrı uca tutdu Böyük İnsanı.

Beləliklə, Ərtoğrol Cavid Azərbaycan mədəniyyəti, ədəbiyyatı tarixində misilsiz istedadıyla, hərtərəfli və dərin biliyə malik bütöv şəxsiyyət kimi, xalq ruhuna, ədəbiyyatı və musiqisinə bağlı, müasir dünya ədəbiyyatını, musiqisini ən yüksək səviyyədə mənimsəmiş, həm milli, həm də bəşəri bir yaradıcılığa malik, vətənpərvər, son dərəcə qürurlu bir gənc olaraq əbədi yaşamaq haqqını qazanmışdır. Ərtoğrol Cavidin simasında Azərbaycan xalqı təkcə böyük Hüseyn Cavidin gənc yaşlı övladını deyil, şairini, nasirini, dramaturqunu, folklorçusunu, musiqişünasını, bəstəkarını, rəssamını, tərcüməçisini itirmişdir. Lakin xain düşmən xalqımızın istedadlarını fiziki cəhətdən məhv etməklə öz məqsədinə nail olduğunu sanmasın. Məşhur şeirdə deyildiyi kimi:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.   

Nə həbs, nə sürgün, nə işgəncələr, nə də məşəqqətli həyat qorxusu nə dahi şair Hüseyn Cavidi, nə də onun ideyalarının davamçısı Ərtoğrol Cavidi sındıra bilməmişdir. Onların adları bir xalqın hafizəsinə əbədi olaraq həkk olunmuşdur. Azərbaycan belə mətin, mübariz, vətən, xalq uğrunda canından keçən övladlarıyla fəxr edir!!!        

Aygün Orucova

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsi