Ərdoğanın andiçmə mərasimi başlayıb, Prezident İlham Əliyev tədbirdə iştirak edir

Ərdoğanın andiçmə mərasimi başlayıb, Prezident İlham Əliyev tədbirdə iştirak edir

03 İyun 2023

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başlayıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

R.T.Ərdoğan and içəndən sonra Anıtqəbiri ziyarət edəcək və ardınca onun vəzifəyə başlaması mərasimi keçiriləcək.

Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.

Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.

Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri olub.

2014 və 2018-ci illərdə dövlət başçısı seçilib.