Əmlakı qəsdən məhv etmə və ya zədələmə hansı məsuliyyətə səbəb olur? -

Əmlakı qəsdən məhv etmə və ya zədələmə hansı məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ

01 Oktyabr 2023

İnzibati Xətalar Məcəlləsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir.

Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə isə cinayət məsuliyyəti yaradır. Belə ki, cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə  yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Sualları Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır