Emin Hüseynov: Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında enerji səmərəliliyinə diqqət yetirir

Emin Hüseynov: Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında enerji səmərəliliyinə diqqət yetirir

30 Sentyabr 2024

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə şəhərlərin bərpası zamanı enerji səmərəliliyi məsələlərinə böyük diqqət yetirir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən panel müzakirədə deyib.

“İşğaldan azad edilmiş ərazilərdəki yeni yaşayış və inzibati binalar ən yüksək “yaşıl tikinti” standartlarına cavab verəcək. Günəş panelləri, intellektual enerji təchizatı sistemləri sıfırdan tətbiq olunacaq”, - o bildirib.

E.Hüseynov qeyd edib ki, işğaldan azad edilmiş ərazilər müasir, dayanıqlı və sabit şəhər mühitinin yaradılması üçün böyük potensiala malikdir. Orada inşa edilən müasir yaşayış məntəqələri təkcə region üçün deyil, həm də bütün dünya üçün nümunə olacaq.

"Şəhərlərin dayanıqlılığı planlaşdırmanın əsasını təşkil edir. Bu, Azərbaycanın COP29-da sədrliyinin çoxsahəli fəaliyyət planının dayanıqlı və sağlam şəhərlərin yaradılması üzrə məqsədlərinə uyğundur", - o vurğulayıb.