Elnur Soltanov: Ermənistanın COP29-un Azərbaycanda keçirilməsi üçün atdığı addım çox yaxşı əlamət idi

Elnur Soltanov: Ermənistanın COP29-un Azərbaycanda keçirilməsi üçün atdığı addım çox yaxşı əlamət idi

24 May 2024

Ermənistanın BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi üçün atdığı addım çox yaxşı əlamət idi.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə Laçında COP29-la əlaqədar təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi qərarının verilməsi bütün beynəlxalq ictimaiyyətin dəstəyi ilə mümkün oldu:

"Hazırda dünyada iqlim dəyişikliyi, iqlim böhranı ilə bağlı baş verən ən mühüm danışıqlara COP29-un ev sahibi olaraq rəhbərlik etmək çox məsuliyyətli bir vəzifədir. Biz qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün tədbirlər görməliyik. Amma bunun üçün bizə icra vasitələri lazımdır. Əsas həyatakeçirmə vasitəsi isə maliyyədir. Beləliklə, biz iddialı fəaliyyət gündəliyi, NGC ilə gündəmə gəlməliyik və bu yolda işlərə başlamışıq. Bu yolla dünya ictimaiyyətini ruhlandıracağıq və canlandıracağıq".

Nazir müavini bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji zonası" elan edilib:

"Beləliklə, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yaşıl texnologiyası və yaşıl enerjisi üçün sınaq meydanına çevrilir. Deməli, bu bölgənin əhəmiyyəti öhdəmizə götürdüyümüz böyük vəzifə ilə üst-üstə düşür. Çünki Qarabağ və Şərqi Zəngəzur yaşıl dünya üçün ən yaxşı texnologiyaları sınaqdan keçirdiyimiz yerdir. Əgər uğurli olarsa, Azərbaycanın digər bölgələrində də tətbiq edəcəyik. Bu regionda istehlak ediləndən daha çox yaşıl enerji istehsal edəcəyik və müəyyən mənada Azərbaycanın digər bölgələrinə də ixrac ediləcək".