Əli Əsədov yeni qərar imzalayıb
Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin tabeliyindəki Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin Nizamnaməsini təsdiq edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Agentlik Qərardan irəli gələn məsələləri həll etməlidir.
Qərara əsasən, Mərkəzin nizamnamə fondunun məbləği 1 milyon manatdır.
Qurumun müstəqil balansı, əmlakı və bank hesabları, üzərində öz adı və “Dövlət Gerbindən istifadə qaydaları haqqında” qanununa uyğun olaraq, həmçinin Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları olacaq.
Qanuna uyğun olaraq, Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyriəmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri var. Mərkəz məhkəmədə iddiaçı və yaxud cavabdeh qismində çıxış edə bilər.
Mərkəzin idarəetmə orqanları Müşahidə Şurası (Şura) və İcraçı direktordur. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərəcək. Müəyyən hallar istisna olmaqla, Mərkəzin fəaliyyəti ilə bağlı məsələlərə dair qərar qəbul etməkdə Şura müstəqildir. Şura sədr və onun iki müavini daxil olmaqla, 5 üzvdən ibarətdir. Şuranın üzvlərini Agentliyin sədri vəzifəyə təyin və vəzifədən azad edir.