ƏƏSMN: Ukraynada müharibədən əziyyət çəkən uşaqlar Azərbaycanda reabilitasiya olunur

ƏƏSMN: Ukraynada müharibədən əziyyət çəkən uşaqlar Azərbaycanda reabilitasiya olunur

20 İyun 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüş olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan və Ukrayna arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dostluq və əməkdaşlıq əlaqələrinin sosial sahəni də əhatə etdiyini diqqətə çatdırıb. Nazirliklə Ukraynanın Sosial Siyasət Nazirliyi arasında imzalanmış sənədlərin əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya sahələrində əlaqələrin genişlənməsində önəmi qeyd olunub.

Ölkəmizdə aparılan sosial islahatlar və əldə olunan uğurlar, DOST konsepsiyası, sosial sahədə elektronlaşdırma proqramının nailiyyətləri barədə məlumat verilib. Ukraynada müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunması sahəsində görülən işlərdən bəhs olunub.

Y.Qusev ölkəsi ilə Azərbaycanın əlaqələrinin daim genişlənməsindən məmnunluğunu, sosial islahatlar prosesində ikitərəfli əməkdaşlığın önəmini qeyd edib.

Görüşdə sosial təminat, həmçinin əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.