Dövlət orqanlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələri yaradıla bilər

Dövlət orqanlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələri yaradıla bilər

04 Oktyabr 2023

“Dövlət orqanlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələrin yaradılması və onların müvafiq kadrlarla təminatının planlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq”.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə kadr hazırlığının və ixtisaslaşmış struktur bölmələrin müvafiq kadrlarla təminatının gücləndirilməsi, o cümlədən dövlət orqanlarında (qurumlarında) informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələrin yaradılması və onların müvafiq kadrlarla təminatının planlaşdırılması ilə bağlı 2024-cü ildə təkliflər hazırlamaq əsas vəzifələrdən biridir.

DİM sədri bildirib ki, cəmiyyətdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyəti üzrə zəruri biliklərin, bacarıqların artırılmasına və təbliğinə dəstək verilməsi, həmçinin dövlət orqanlarında (qurumlarında), özəl təşkilatlarda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq-kibergigiyenanı təmin etmək məqsədilə tədbirlər görmək də qarşıda duran vəzifələrimiz sırasına daxildir.

M.Abbaszadə vurğulayıb ki, dövlət orqanları, özəl sektor və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi, habelə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən qabaqcıl onlayn təlim-tədris platformaları ilə mütəmadi əməkdaşlıq əlaqələri qurmaq da qarşımızda mühüm vəzifə kimi durur: “Strategiyada qarşımıza qoyulmuş vəzifələrin 2023-2027-ci illər ərzində icrası, planlaşdırılan tədbirlərin həyata keçirilməsi nəticəsində ixtisaslaşmış struktur bölmələrin yaradılması və onların müvafiq kadrlarla təminatı ilə bağlı təkliflərin hazırlanması, dövlət orqanlarında (qurumlarında), özəl sektorda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və kibergigiyenanın təmin edilməsi, uğurlu layihələr üzrə əməkdaşlığın davam etdirilməsi mümkün olacaq”.