Dördüncü “Yüksəliş” müsabiqəsinin yekun hesabatı təqdim edilib

Dördüncü “Yüksəliş” müsabiqəsinin yekun hesabatı təqdim edilib

07 Oktyabr 2024

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin növbəti iclası baş tutub, yekun hesabat təqdim edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Fariz Rzayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirov, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, millət vəkili Ülvi Quliyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev və müsabiqənin İşçi Qrupu iştirak ediblər.

Təşkilat Komitəsinin üzvlərinə dördüncü “Yüksəliş” müsabiqəsinin yekunlaşması ilə bağlı hazırlanan hesabat təqdim edilib. İclasda dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı ilə əlaqədar təkliflər müzakirə olunub, müvafiq qərarlar alınıb. İclasda çıxış edən Komitə üzvləri layihənin gedişatı barədə qarşıdan gələn tədbirlərin uğurlu təşkili üçün bir sıra vacib təkliflər irəli sürüblər.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.