“Dahi Cavidlər ailəsi” adlı tədbir keçirilib -

“Dahi Cavidlər ailəsi” adlı tədbir keçirilib - FOTO

22 Oktyabr 2024

Oktyabrın 22-də Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində dahi Azərbaycan şairi Hüsey Cabidin və bəstəkar Ərtoğrol Cavidin doğum günlərinə həsr olunmuş “Dahi Cavidlər ailəsi” adlı tədbir keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Mədəniyyət üzrə Elmi-metodik Mərkəzin və Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Səyyar Məmmədov bildirib ki, yaşadığımız bu ay Cavidlər ailəsi üçün bir zaman çox dəyərli və yadda qalan ay olub. 1882-ci ilin 24 oktyabrında filosof şair Hüseyn Cavid, 1919-cu il oktyabrın 22-də ailənin ilk övladı Ərtoğrol Cavid və 1923-cü il oktyabrın 2-də yeganə qız övladı Turan Cavid dünyaya gəliblər. 1982-ci il oktyabrın 26-da isə Hüseyn Cavidin uzaq Sibirdən doğma vətəninə “dönüşü” olub. 

Tədbirdə Mədəniyyət üzrə Elmi-metodik Mərkəzin böyük elmi işçisi Aytəkin Əliyevanın “Dahi Cavidlər ailəsi” adlı çıxışı olub. Bildirilib ki, Hüseyn Cavid Müşkünaz Cavidin həyat yoldaşı, Ərtoğrul və Turan Cavidlərin atası olub. Şair həbs olunduqdan sonra ailəsi müxtəlif təzyiq və məhrumiyyətlərə məruz qalıb. Bütün bunların nəticəsində istedadlı bəstəkar və rəssam olan oğlu Ərtoğrol 1943-cü ildə vərəm xəstəliyindən 24 yaşında vəfat edib. Cavidlər ailəsi Naxçıvanda – Hüseyn Cavidin adını daşıyan məqbərədə dəfn olunub. Məqbərə ümummilli lider Heydər Əliyevin xüsusi tapşırığı və qayğısı ilə 1996-cı ildə inşa olunub.

Sonra Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin musiqi kollektivlərinin və şagirdlərinin ifasında bəstəkar Ərtoğrol Cavidin mahnılarından ibarət konsert proqramı təqdim edilib.