COP 29:

COP 29: Gənclərin Səsi, Dünyanın Ümididir

13 Noyabr 2024

Biz qalib xalqın gəncləri olaraq çox qürurluyuq ki, can Azərbaycan COP 29 kimi möhtəşəm bir tədbirə ev sahibliyi edir. Bu bizim üçün böyük bir şərəfdir. COP 29-a gənclərin daha sağlam və yaşıl dünya üçün göstərdiyi səyləri, təklif etçiyi innovativ ideyaları, eko layihələri dəyərləndirmək və onların yaradıcı fikirlərinin dəstəklənməsində böyük imkanlar təqdim edən geniş bir platforma kimi baxmaq olar. COP tədbirləri çərçivəsində gənclərin ekofəalların, gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən “Gənclər iqlim fəaliyyətinin ön cərgəsində” adlı paneli də məhz bunun bariz nümunəsidir. Panelin adından da bəlli olduğu kimi dünya gəncləri iqlim dəyişmələrini təxirəsalınmaz, prioritet məsələ hesab edir.

Əlbəttə, gənclər ətraf mühitin qorunmasında, ekoloji təhsilin artırılmasında, ekosistemlərin qorunmasında, geniş kütlələr arasında ekoloji maarifləndirmə aparmaqla cəmiyyətin bu problemləri daha yaxından anlamasına və əlindən gələn dəstəyi göstərməsində müstəsna rol oynayırlar. COP 29 ərzində gənc nəslin səsinin beynəlxalq səviyyədə tanıdılması, təşkil olunan silsilə tədbirlərdə gənclərin aktiv iştirakının təmin edilməsi, onların müəllifi olduğu qrand, startap layihələrin həyata keçirilməsində xüsusi dəstək göstərilməsi iqlim ədalətinə nail olmaq üçün xüsusi əhəmiyyət daşıyır. Onu da qeyd etmək lazımdır ki, gənclərin iqlim dəyişikliyi ilə mübarizədə artan rolu təkcə gələcək nəsillərin müdafiəsi deyil, həm də beynəlxalq hüquq və siyasi vəzifələrin yenidən formalaşdırılması üçün əsas təkanverici qüvvədir. COP 29 çərçivəsində əməkdaşlıq, təcrübə mübadiləsi, gənc nəsil tərəfindən birgə layihələrin müəyyənləşdirilməsi, ədalətli və davamlı iqlim siyasətləri qlobal məsuliyyət anlayışını yeni və daha yüksək bir səviyyəyə qaldırır. Bu tələblər iqlim dəyişikliyinə dair beynəlxalq müqavilələrə uyğun olaraq dövlətlərin ətraf mühitin mühafizəsi ilə bağlı hüquqi öhdəliklərini yerinə yetirməsini əsas prioritet hesab edir. Gənclər hərəkatının siyasi və hüquqi aspektləri isə dünya liderlərinə güclü bir mesaj göndərərək, onların milli maraqlarını iqlim ədaləti prinsipləri ilə uzlaşdırmağa çağırır və qlobal əməkdaşlığın vacibliyini vurğulayır. Bu yolda gənclərin səsi, həm hüquqi, həm də siyasi baxımdan bəşəriyyətin gələcəyinə dair ümid işığıdır.

Doğma diyar Azərbaycanın vətənpərvər, kreativ fikirli, lider ruhlu, təşəbbüskar, intellektli gənclərinin də bu qlobal hərəkatın əsas hərəkətverici qüvvəsi olması çox sevindirici haldır. COP 29 və Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizədə ölkəmizdə, o cümlədən, Muxtar Respublikada həyata keçirilən tədbirlər, Qeyri Hökumət Təşkilatları və ictimaiyyət nümayəndələri tərəfindən maarifləndirmə xarakterli görülən işlər, məktəb və universitetlərdə yaradılan EKO klublar, sosial media platformaları və EKO könüllülərin fəallığı xüsusilə diqqət çəkir. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında ilk dəfə keçirilən #GreenFest də ”Daha güclü milli iqlim öhdəliklər üçün: Gənclərin rolu” mövzusunda təşkil olunan II Panel müzakirədə Eko könüllü olaraq iştirak edərək, mövzu ətrafında fikirlərimi bölüşmək mənim üçün böyük bir fəxr idi. Belə böyük bir tədbirdə panelin məhz gənclərə ayrılması, onların ideyalarının önə çəkilməsi, gənclərə göstərilən yüksək etimadın, Eko fəalların iqlim dəyişikliyinə qarşı ciddi addımların atılmasında öz layiqli töhfələrini verməsinin təcəssümüdür. Həmçinin atılan bu addımlar COP 29 platformasında gələcəyin qurucuları, əsas sütunu olan gənclərin gələcək dünya üçün necə bir baxışa sahib olduqlarını göstərir.

Düşünürəm ki, görülən işlərdə gənclərin iştirakı yalnız işıqlı gələcəyin formalaşdırılmasına deyil, həm də liderlik və innovativ ideyaların dünya səviyyəsində tanınmasına xüsusi dəstək olur. Gənclərin tükənməz enerjisi, iradəsi, mübarizə əzmi, qətiyyətli addımlarla irəliləməsi dünyanın daha yaşıl və davamlı bir gələcəyə doğru hərəkət etməsində, eyni zamanda, bu dəyərin gələcək nəsillər üçün qiymətli bir miras kimi qorunub, saxlanılmasında daimi ümid işığıdır.

Bəhriyyə HÜSEYNLİ

NDU, Hüquqşünaslıq ixtisası, III kurs tələbəsi

“Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək”

İctimai birliyinin İctimaiyyətlə əlaqələr və PR meneceri