Cəlil Məmmədquluzadə yaradıclığı

Cəlil Məmmədquluzadə yaradıclığı

22 Fevral 2024

Ümummilli lider Heydər Əliyev: “Cəlil Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını əhatə etmək mümkün deyildir. Güman edirəm ki, hələ bir neçə nəsil Azərbaycan tarixçisi, ədəbiyyatşünası, sənətşünası, siyasətşünası, alimi Cəlil Məmmədquluzadə xəzinəsini araşdıracaq, onu tədqiq edərək yeni kəşflər edəcəkdir”.

XX əsrin əvvəllərində həm daxili, həm də Rusiya və Qafqaz hökumət dairələrinin təqiblərindən bir an belə yaxa qurtara bilməyən böyük ictimai xadim və söz ustadı Cəlil Məmmədquluzadə ədəbiyyatda, ictimai fəaliyyətində Azərbaycan xalqının milli oyanışı, tərəqqisi və dirçəlişi, həmçinin vətənimizin müstəqilliyi uğrunda mübarizəni nəinki dayandırmamış, hətta öz düşüncələrinin toplusundan yaranmış bir hərakatın öndəri kimi ətrafında dövrünün təhsilli, açıq fikirli şəxslərini belə birləşdirə bilmişdi. Ədəbiyyat tariximizdə mollanəsrəddinçilər adlanan yeni nəslin “ağsaqqal yoldaşı”, ideya və mövzu verəni, yol göstərəni Azərbaycan tənqidi realizminin banisi, istedadlı yazıçı, dramaturq, ədəbi tənqidçi, tərcüməçi, şair Cəlil Məmmədquluzadə (1869-1932) olmuşdur. Böyük ədib çox ziddiyyətli, qaynar XX əsr Azərbaycan həyatının bir çox məsələlərini şeir yaradıcılığında əhatə edə bilmişdir. Onun xalqın mədəni geriliyi, avamlıq və cəhaləti, xurafatı, dini fanatizmi tənqid edən, İran mövzusundan, qadın azadlığından bəhs edən satirik şeirləri mühüm bədii dəyərə malikdir. Cəlil Məmmədquluzadə şeirlərinin əsas tənqid hədəfi isə xalqın elm və texnikanın nailiyyətlərindən xəbərsiz olaraq yaşaması və ancaq onların uydurduğu saxta şəriəti elm kimi qəbul etməklərini arzulayan din xadimləridir. Obrazlı şəkildə desək, XX əsrin həqiqi Molla Nəsrəddini olan Cəlil Məmmədquluzadə bütün həyatını yalançı mollalarla mübarizəyə həsr etmişdir. O, zəngin və qədim tarixə malik şifahi xalq ədəbiyyatımıza bağlı bir sənətkar olmuş, şeirlərində xalqın zəhmətkeş təbəqələrinin mənafeyini müdafiə etmiş, folklorun ənənəvi lirik janrlarından da satira yaratmaq məqsədilə istifadə etmişdir. Onun şeirlərinin dili ümumilikdə, aydın və anlaşıqlıdır, lakin tipi öz dilində danışdırmaq məqsədilə fars dilindən gətirilmiş sözlərdən də istifadə olunmuşdur. Bu hal onun ruhaniləri tənqid edən satiralarında, müləmmələrində daha çox özünü göstərir. Bu şeirlərdə canlı xalq dilinin söz və ifadələrindən, atalar sözü və məsəllərdən, arxaizm, neologizmlərdən, xüsusi isimlərdən bacarıqla istifadə olunmuşdur. Kəmiyyətcə az olmasına baxmayaraq, Mirzə Cəlil şeirləri vəzn və janr rəngarəngliyi ilə də diqqəti cəlb edir. Belə ki, Mirzə Cəlil üç şeir vəzninin ikisindən, heca və əruz vəznlərindən istifadə etmişdir. O, şeir yaradıcılığında həm klassik ədəbiyyatın, həm də folklorun ənənəvi janrlarına yer ayırmış, həm də onlara müəyyən elementlər, yeniliklər əlavə etmiş, ədəbi sintezlər etmişdir. Özünü əsla şair hesab etməyən Cəlil Məmmədquluzadə poeziyanı insan duyğularına təsir edə biləcək ən mühüm vasitə kimi yüksək qiymətləndirmiş və onu yaradıcılığının əsas tərkib hissəsinə çevirmişdir. Yüksək ictimai məzmun, vətən sevgisi, sadəlik, yığcamlıq, çeynənmiş vəzn və qafiyələrdən uzaq olmaq, zamanına uyğun gəlməyən misilsiz cəsarət, xalq ədəbiyyatına dərindən bağlılıq və ondan yaradıcı istifadə, novatorluq onun şeirlərinin başlıca məziyyətlərindəndir. Onun satirik şeirləri XX əsr Azərbaycan şeirində tənqidi və satirik ünsürlərin yaranmasına, satiranın bir ədəbi növ kimi formalaşması və inkişafına səbəb olmuşdur. “Molla Nəsrəddin” şeir məktəbinin yaranmasına məhz Mirzə Cəlil səbəb olmuşdur. Sabir və başqa mollanəsrəddinçi şairlər isə onu inkişaf etdirərək ən yüksək zirvəyə çatdırmış, Azərbaycan ədəbiyyatında aparıcı mövqe tutmasını təmin etmişlər.

Bu yazımızda isə böyük sənətkarın satirik şeirlərinin klassik Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələri ilə əlaqəsindən danışmaq istərdik. Mirzə Cəlilin hər bir əsərində “baltanı kökündən vuran” əvəzolunmaz yaradıcılığı bu dövr üçün dil, üslub, ifadə imkanları baxımından nə qədər yeni, orijinal və təkrarsız olsa belə, bu yaradıcılıq quru, boş zəmin üzərində yaranmamışdı, özündən əvvəlki ənənəyə əsaslanan və onu inkişaf etdirərək meydana çıxan  bir ədəbi hadisə idi. Bədii ədəbiyyatın əsas prinsiplərindən olan ənənə və novatorluq da ədəbi simalardan məhz bunu tələb edir. Cəlil Məmmədquluzadə ədəbi irsinin ilk tədqiqatçılarından olan Əli Nazim bu barədə yazmışdır: “...yazıçılardan daha çox Molla Nəsrəddin klassiklərdən öyrənmək yolunu doğru anlamış və onların sağlam ənənatını bizim şəraitə keçirmişdir.Bundan dolayıdır ki, ilk addımdan etibarən onun əsərləri orijinal bir mahiyyət daşımış və özü isə xüsusi və müstəqil ədəbi simaya malik bir ədib olaraq ədəbiyyat tarixinə girmişdir”. Klassik irsə müraciət, onun sağlam ənənələrindən faydalanmaq və istifadənin özünə də Mirzə Cəlil xüsusi tələbkarlıqla yanaşırdı. Epiqon, nəzirəçi ədəbiyyatın əleyhinə olan ədib eyni zamanda klassiklərin əsərlərinə pul qazanmaq məqsədilə çap etdirməyi də jurnalda tənqid etməyi özünə mənəvi borc hesab edirdi. Ədib klassik əsərləri yenidən nəşr edərkən onlara müasir dövrün tələbləri baxımından yanaşmağı, saf-çürük etməyi vacib şərtlərdən biri sayırdı.

Böyük satirik Mirzə Cəlillə qəzəl ustadı Məhəmməd Füzuli arasında doğmalıq və yaxınlıq bəzən məntiqə sığmır. Lakin onun hələ ilk əsərindən “Çay dəstgahı” mənzum alleqorik dramından Füzulinin alleqorik poemalarının təsirini duyuruq. Böyük realist sələfi Mirzə Fətəli Axundovdan fərqli olaraq, Füzulini inkar etməyən (bu inkarın özü də təsdiq naminə idi-A.O.) Cəlil Məmmədquluzadə “özündən sonrakı ədəbi nəsillərə “Leyli və Məcnun” əsəri ilə təsir göstərən” böyük şairin məhəbbət lirikasını deyil, “Bəngü-Badə”, “Söhbətül-Əsmar” kimi ictimai-siyasi məzmunlu əsərlərini zamanın tələbləri baxımından yüksək qiymətləndirmişdir: “Keçmiş əsrlərdə gələn Sədilər, Füzulilər o qədər xalqın həyatını əhatə edə bilən bir şair olmuşlar ki, birisi türkcə, birisi də farsca deməmiş söz qoymayıbdır” deyən istedadlı sənətkar bir məqalədə Şərqin iki böyük şairinə yüksək bədii dəyər vermişdir. Onu  maraqlandıran “qəm şairinin”, “Şikayətnamə” müəllifinin molladan, varlıdan, rüşvətxordan, zavtra-zavtradan, “bütün işini-gücünü, dərsini buraxıb şeir yazanlardan” yazdıqları idi.“Molla Nəsrəddin” jurnalında dərc olunan bədii nümunələr haqqında “hansı şeirə baxsanız, görəcəksiniz ki, onda Füzulidən bir duz vardır” fikrində ədib haqlı idi. Mirzə Cəlil əbədiyyətə qovuşan Füzulinin ideyalarının daim yaşayacağı və heç bir yeniliyə məğlub olmayacağını böyük qürur hissilə qeyd edir: “Füzuli diridir. Füzuli şeir dövrünün hazırladığı yeniliyə məğlub olmaz və sarsılmaz bir qüvvədir”. Mirzə Cəlilin “Xoş ol zaman ki, xalq yatıb bizəban idi” və “Yuxu” satiraları Füzuliyə lirik nəzirə yazan Seyid Əzim Şirvaninin “Xoş ol zaman ki, yar mənə həmzəban idi” misrası ilə başlayan müsəddəsinə satirik nəzirə kimi nəzərdə tutmuşdur. Çünki hər üç əsər müsəddəs janrında yazılmışdır.

Mirzə Cəlil Azərbaycan ədəbiyyatında hələ XVIII əsrdən Molla Pənah Vaqiflə başlayan realizm ənənəsi ilə də yaxından tanış və sıx bağlı olmuşdur. Heç təsadüfi deyil ki, böyük ədib “Ölülər” tragikomediyasında müəllif ideyalarının daşıyıcısı olan kefli İskəndərin dilindən qadınlarımızı fiziki əsarətdə saxlayan çadraya qarşı çıxan Molla Pənah Vaqif yaradıcılığından aşağıdakı sətirləri bir az dəyişdirilmiş formada nümunə gətirir:

Allaha şükür, lalə yanağında eyib yox,

Qaşında, dəhanında, dodağında eyib yox,

Bir zərrəcə zülfündə, buxağında eyib yox,

Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?

Bəsdir bu dayanmaq!

Göründüyü kimi, böyük sənətkarın klassik irsə müraciəti heç də təsadüfi xarakter daşımayır. Mirzə Cəlil sələfinin yaradıcılığından Azərbaycan qadınının həm fiziki, həm də mənəvi əsarətinə qarşı çıxan fikirləri sitat gətirir. Böyük sənətkarın “Lazımdır utanmaq” adlı satirasında da yumor yaratmaq naminə bu müstəzada müraciətlə rastlaşırıq.

“Ölülər” əsərində böyük sənətkar yenə də İskəndərin dilindən yaşca özündən çox böyük olan Mir Bağır ağaya ərə getmək istəməyən Nazlını hansı qara taleyin gözlədiyini, onun isə bütün bu “yazılmamış qanunlardan” xəbərsiz olduğunu bildirmək üçün böyük şairimiz Seyid Əbdülqasim Nəbatinin “Get dolanginən, xamsən hənuz!” misrasını sitat gətirir. Xalq arasında çox məşhur olan bu şeirə Mirzə Cəlil İran konsullarını tənqid məqsədilə satirik nəzirə də yazmışdır:

Keçdi ol zaman, padşahdınız,

Padşah nədir, qibləgahdınız,

Həmşərilərə bir allahdınız,

İndi bəsdi ta, ta yetər gərək.

Cəlil Məmmədquluzadənin “Mürəbbe” adlandırılmış satirası da M.P.Vaqifin  aşağıdakı qoşmasına nəzirədir:    

Onun üçün uymaz qeyriyə könlüm,

Bir əcəb zibadır mənim sevdigim.

Huri nədir, qılman nədir, mələk nə,

Hamıdan əladır mənim sevdiyim.

Cəlil Məmmədquluzadənin “Ağarıbdır” adlı satirik şeiri Q.Zakirin eyniadlı şeirinə perifraz kimi qələmə alınmışdır. XIX əsrin birinci yarısında formalaşan realist-demokrat ədəbiyyatın yaradıcılarından biri olan Zakir həm gözəl lirik şeirlər, həm də kəskin satiralar qələmə almışdır. Şeirin orijinalı aşağıdakı kimidir:

Divanə könül, daxi usan yal ağarıbdır!

Pərvaz eləmə, bəsdi pərü-bal ağarıbdır!

Sərdən bu həvavü-həvəsi sal ağarıbdır,

Əvvəl nə isə, indi ki, əlhal ağarıbdır!

Layiq döğü bundan sora, saqqal ağarıbdır!

Klassik Şərq şeirinin mütərəqqi ənənələrinin yeni dövrdə qüdrətli davamçısı S.Ə.Şirvani irsinə tənqidi yanaşan XX əsr satirası maarifçi və dünyəvi lirikası üçün ona böyük ehtiram bəsləmişdir. “Mollanəsrəddinçilərdən, xüsusilə Sabir və Məmmədquluzadə Seyid Əzimin bu zəngin irsindən daha bacarıqla öyrənirdi”. Böyük ədib Seyid Əzim Şirvaninin:

Nə  xoşdur bir zaman bir dilbərin eşqində  zar olmaq,

Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq -

beyti ilə başlayan qəzəlindən “Yar ilə görüşmək” felyetonunda satirik məqsədlə istifadə etmişdir. Seyid Əzimin lirik-aşiqanə məzmunlu vüsal ümidilə yaşayan Aşiqin saf hisslərini tərənnüm edən şeiri, Bakı müsəlman cavanlarını tənqid edən neştərləyici bir satira ilə əvəz olunmuşdur. Cəlil Məmmədquluzadənin “Xoş ol zaman ki”, “Zaman ol zaman idi”, “Ey könül”, “Ey yazıq”, “Olacaqsan” satirik şeirləri də Seyid Əzimin lirik əsərlərinə satirik nəzirə kimi nəzərdə tutulmuşdur.

Mirzə Cəlilin “Nə bilim” satirik şeiri “Məclisi-fəramüşan”ın fəal üzvü, 1868-ci ildən başlayaraq uzun müddət müəllimlik etmiş şuşalı şair Həsənəli ağa Xan Qaradağinin aşağıdakı qəzəlinə perifraz olaraq yazılmışdır:

Fələyin bir belə dövrü olacaqmış, nə billim,

Saralıb bağü gülüstan solacaqmış, nə bilim?

Ürəyim yarələnib, sinəmə dağlar çəkilib,

Gözümə qan çəkilib, yaş dolacaqmış, nə bilim?  

Şairin bu qəzəlin birinci misrası ilə adlandırılan şeirlər kitabı 2003-cü ildə nəşr olunmuşdur. İstedadlı sənətkar  Mirzə Cəlil bu şeirdə mollaların xəstə kimi yataqda, cəhalətdə saxlamağa çalışdıqları xalqın oyanmasından doğan narahatlığını dilə gətirmişdir:

Mən deyirdim sizi bilmərrə dirildənməz həkim,

Uzanıb dəsti-qəza qaldıracaqmış, nə bilim?

Beləliklə, böyük ustad Mirzə Cəlilin öz zəngin yaradıcılığında Azərbaycan ədəbiyyatının Nizami, Füzuli, Vaqif, Zakir, Seyid Əzim kimi klassiklərinin mütərəqqi ənənələrindən yararlanmış, ədəbiyyatımızı düzgün istiqamətə yönəltmişdir. Cəlil Məmmədquluzadə klassiklərimizin sənətkarlığından bacarıqla, novatorcasına istifadə etmiş, bununla tənqid hədəflərini daha kəskin ifşa etməyə, fikirlərini xalqa daha asan yolla çatdırmağa nail olmuşdur. Bu şeirlərdə orijinal əsərlərin formal xüsusiyyətlərini qoruyub saxlaması onun əruz vəzninin tələblərinə yaxından bələd olduğunu göstərir. Lakin bu perifrazlarda da Mirzə Cəlil novatorluğu özünü büruzə verməkdədir.

Aygün ORUCOVA

AMEA Naxçıvan Bölməsinin

filologiya üzrə fəlsəfə doktoru, dosent