Çağırışdan yayınan 448 nəfər hərbi xidmətə göndəriləcək
Bu ilin əvvəlindən oktyabr ayınadək olan dövr ərzində hərbi xidmətdən yayınma halları ilə bağlı 56 cinayət işi başlanıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) daxil olmuş 29 material üzrə araşdırma aparılıb.
Bundan başqa, baş idarənin “161 Qaynar xətt” əlaqə mərkəzindən daxil olmuş məlumatlar və vətəndaş müraciətləri əsasında 33 material üzrə araşdırma araşdırılıb. Həmin materiallardan 8-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır, digər materiallar üzrə isə araşdırma davam etdirilir. Habelə, iki material üzrə digər prokuror təsir tədbirləri tətbiq olunub.
Qeyd olunan dövr ərzində aşkar olunmuş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun beş əməkdaşı barəsində təqdimat verilib.
Məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı iki əməliyyat-axtarış tədbiri keçirilib və bunun nəticəsində iki cinayət işi başlanaraq istintaqı tamamlanmaqla aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Qeyd olunub ki, sözügedən dövr ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyunqaçırma halları ilə bağlı tabe rayon (şəhər) prokurorluqlarında araşdırmalar aparılıb, nəticədə 56 cinayət işi başlanıb, 448 nəfər hərbi xidmətə göndərilməsi üçün aidiyyəti üzrə SHXÇDX-yə təqdim edilib.
"Həmçinin, 2024-cü ilin oktyabr ayınadək olan müddət ərzində Hərbi Prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində SHXÇDX-nin ayrı-ayrı vəzifəli şəxsləri və əməkdaşları barəsində üç cinayət işi başlanaraq ibtidai istintaq aparılır, aşkarlanan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə qurumun 5 əməkdaşı barəsində təqdimat verilib", - məlumatda bildirilib.