Cabbar Musayev Qaraçuq kəndində vətəndaş qəbulu keçirib - FOTO
Noyabrın 22-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında sakinləri qəbul edib, müraciətlərini dinləyib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində olduğunu və araşdırılaraq həlli istiqamətində işlər görüldüyünü qəbul iştirakçılarının diqqətinə çatdırıb. Qəbulda iştirak edənlər müraciətlərinə həssaslıqla yanaşılmasından razılıqlarını bildiriblər.
Sakinlərin müraciətləri əsasən kənddə sahibkarlıq obyektlərinin, uşaq bağçasının və mərasim evinin tikintisi, su arxlarının təmizlənməsi və digər məsələlərlə əlaqədar olub. Vətəndaşların müraciətləri ilə bağlı müvafiq izah verilib və araşdırılması üçün nəzarətə götürülüb. İcra hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər aid qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının vətəndaşların səyyar qəbulu qrafikinə əsasən keçirilib və qarşıdakı dövrdə müntəzəm olaraq yerlərdə vətəndaş qəbulu keçirilməsi nəzərdə tutulub.