Braziliya Azərbaycan və Ermənistanın yaydığı birgə bəyanatı müsbət qiymətləndirib

Braziliya Azərbaycan və Ermənistanın yaydığı birgə bəyanatı müsbət qiymətləndirib

09 Dekabr 2023

Braziliya hökuməti iki ölkə arasında münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişi əldə etmək niyyətlərini məmnunluqla qeyd edib.

NAXCİVANXEBERLERİ.COM-un Azərbaycanın bu ölkədəki səfirliyinə istinadən verdiyi xəbərə əsasən, bu barədə Braziliya XİN-in Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatının yaydığı birgə bəyanata aid açıqladığı şərhdə bildirilib.

Birgə Bəyanatda əksini tapmış məhbusların qarşılıqlı azadlığa buraxılması, Ermənistanın Azərbaycanın COP-29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləməsi və iki qonşu ölkə arasında etimadın gücləndirilməsi tədbirləri müsbət hal kimi qeyd olunub. Braziliya tərəfi həmçinin Cənubi Qafqazda dialoqun, əməkdaşlığın və rifahın inkişaf etdirilməsi üçün yeni dövrün başlanmasına təkan vermiş bu təşəbbüsə görə hər iki ölkəni təbrik edib və münaqişələrin yalnız beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq diplomatik yollarla həllinin vacibliyi qeyd edilib.

Səfirlikdən qeyd olunub ki, Braziliyanın erməni diasporunun sıx məskunlaşdığı və aktiv fəaliyyət göstərdiyi bir Latın Amerikası ölkəsi olmasına baxmayaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhəd toxunulmazlığı bu ölkə tərəfindən dəstəklənib. Azərbaycanın vaxtı ilə işğal olunmuş torpaqlarının tam və qeyd şərtsiz qaytarılmasına dair BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum 4 qətnaməsi 1993-cü ildə Braziliyanın BMT TŞ-da qeyri-daimi üzvlüyü zamanı, hətta 874 saylı qətnamə Braziliyanın BMT TŞ-da sədrliyi dövrünə qəbul edilib.

Braziliya tərəfi həmçinin, bu ilin 16 avqust tarixində BMT TŞ-da keçirilmiş müzakirələrdə ölkəmizə münasibətdə tutduğu mövqeni bir daha sərgiləyib, o cümlədən Ağdam-Xankəndi marşrutunun istifadəsi mümkünlüyünün araşdırılmasına çağırış edib.