
BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyi tərəfindən Naxçıvanda keçirilən təlimlər başa çatıb - FOTO
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyi ilə birgə keçirdiyi 5 günlük təlimlər uğurla başa çatıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, təlimlərin bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaq hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsindən danışıb. Ramilə Seyidova qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə UNİCEF-in təyin etdiyi təlimçilər tərəfindən muxtar respublikada 5 gün ərzində 4 proqram əsasında təlimlərin keçirilməsində məqsəd qazanılan təcrübənin bölüşdürülməsi ilə aidiyyəti qurumların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsidir. İnanırıq ki, təlimçi-ekspertlərin təcrübəsindən yararlanaraq sertifikatlarla təmin olunan dinləyicilər bundan sonra da öz vəzifələrinin öhdəsindən peşəkarlıqla gələcəklər.
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, Yuvenal Ədliyyə Mərkəzinin rəhbəri Kəmalə Aşumova və Yuvenal Ədliyyə Mərkəzinin psixoloqu Gülşən Axundova muxtar respublikada uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təlim iştirakçılarının təlimlərdə maraqla iştirak edib, peşəkarlıqlarını artırdıqlarını qeyd ediblər. Eyni zamanda minnətdarlıq hissi ilə təlimlərin keçirilməsi üçün yaradılan şəraitdən də danışıblar.
Çıxışların ardından təlimləri uğurla başa vuran dinləyicilərə sertifikatlar verilib, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təlimçi-ekspertlərə hədiyyələr təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.
Mənsurə Hümbətova