
Bəşərin gözəlliyi - QADIN!
Ta qədimdən, sivilizasiyanın ilk dönəmindən qadınsız həyatı təsəvvür etmək mümkün olmamışdır. Qadın Adəm babamızın can yoldaşı, bütün bəşərin isə anasıdır. Qadın heç bir çətinlikdən qorxmayan lazım olanda kişi libası geyinib mərd, qorxmaz olan, lazım gələndə isə zərif təbiəti, incə ruhu ilə könülləri oxşayan mehribanlıq mücəssiməsidir. Qadın bir ataya qız, bir qardaşa bacı, bir oğula həyat yoldaşıdır! Qadın fədakar ana, qayğıkeş xala, bibi və ən nəhayət mehriban, canlara can olan nənədir! Qadın hər bir kişinin sağlam, güclü, həyat yolunda mətin addımlarla addımlamağına təkan verən ilahi bir qüvvədir! Bəs qadınlar haqqı olan diqqəti görürmü? Təqdir olunurmu? Qadın dediyimiz sanki bir çiçək, heç solmayacaq qədər təbii, həyatda olanlara güc gələcək qədər qüvvətli və ən əsası başına nə gəlirsə gəlsin ona susub səs çıxarmayacaq qədər dözümlüdür. Bu onun zəif varlıq olmasının göstəricisi yox onun həyatda yalnız qalsa da öz ayaqları üstündə durub həyatda nələrlə mübarizələr apara biləcəyinin göstəricisidir. Qadın həyatda sahib olduqlarını dəyərləndirən, sahib olmadıqlarına şükür edəndir. Dünyada ən güclü insanlar kimdir deyə soruşsalar, mən heç düşünmədən həyatda tək qalıb, öz ayaqları üstündə durmağı bacarıb, tənha qalan və gecələr kimsə görməsin deyə yorğanı başına çəkərək ağlayan qadınlardır deyərəm. Bəzən o qədər sınanar ki, zamanın necə keçdiyini, saçına necə dən düşdüyünü hətta üzündəki qırışların necə yarandığını görə bilməzlər. Bəzən üzünün güldüyünü görüb içində qopan fırtınaların nədən qopduğunu, nələrə sevinib, nələrə ağladığını, qırılan qəlblərinin təmiri olarmı deyə düşünər insan. Bir qadın o qədər güclüdür ki, onun gücü qarşısında mat qalır insan. Hərdən öz yolunu tapmaq üçün yalnızlığı seçib, yağış üçün dua edib, yağmurda ağlayandır qadın. Dilə gətirə bilmədiklərini, ah çəkmək istərsə ahını səssizcə çəkəndir qadın. Qadınlar həyatda bəyəndiyi deyil güvəndiyi kişilərin arxasınca gedərlər. Yaşadığımız bu kainatda gördüyümüz gözəlliklərin hər biri bir qadının əsəridir. Qadın geyindiyi paltarla, yediyi yeməklə, xərclədiyi pulla deyil olduğu kimi, verdiyi güvənlə və etdiyi dua ilə sevilməlidir. Bilinsin ki, qadın sol yanını tutan bir kişi üçün tüm dünyanı qarşısına ala biləcək qədər inadkar və əzimlidir. Qadın kitab kimidir. Onu hər vərəqlədikdə içində romanların, hekayələrin, povestlərin daha nələr-nələrin olduğunu görürsən. Qadını gözəl göstərən onun fədakarlığı, sevgisini bölüşə bilməsi və doğru yolu göstərən ağlının olmasıdır. Qadın bir çiçək kimi qoxar. Necə ki, çiçəyi qoparsaq qoxusu itib solduğu kimi qadın da qırılarsa solub gözəlliyini itirməyə başlar. Bəlkə də bir qadın bir kişidən daha güclüdür. Sadəcə qadın yanındakı kişinin daha güclü olub ona hüzur verməsini, onu qorumasını istər. Qadın yediyi yeməklə, geyindiyi paltarla, aldığı nəfəslə deyil, ona göstərilən sevgi və qayğı ilə doyar. Hər bir qadın onun qüruruyla deyil də saçıyla, nazıyla oynanmasını istər. Qadını xoşbəxt görüb sevmək istəsəniz onu vurduğu bəzəklə deyil üzündəki yaranan təbəssümlə sevin. Qadın sevilmək, sahiblənmək istər. Qarşı tərəfin onu anlamasını, duyğularını və qorxularını hiss etməsini istər. Bir qadın sizin üçün mübarizə aparırsa onun inancını itirməməsinə köməklik edin. Əgər qadını az da olsa anlamaq istəyirsinizsə onun nə söylədiyini yox dediyi sözlərdə nəyi demək istədiyini anlamaya çalışın. Bəzən qadın olmaq zor gələr insana. Ümidi itir, unudulur, qəlbi sınır və o balaca qəlbində nə böyüklükdə dərdlər daşıyır qadın. Qadını sahiblənmək lazım. Çünki sən yarım qalarsan, səni tamamlar qadın. Səni yalnız və yalnız o anlar. Qadın bir evə nur saçan günəş, qaranlığı aydınladacaq bir ay, göy üzünü parıldadacaq bir ulduzdur. Yorular qadın, bir şam kimi əriyib dönər muma. Özünü o qədər yalnız hiss edər ki, nəyəsə tutunacaq bir yanı qalmaz. Elə qadınlar var ki, həyatı puç olmuş, ümidləri itmiş, həyatda mübarizə etməkdən yorulmuş, qayğı görməmiş, qiymət verilməmiş. Həyata, özünə, şanssızlığına küsmüş. Ömürdə bir dəfə açıb həyatda yalnız öləndə solandır qadın. Hıçqıraraq ağlayıb, gözyaşları axıdıb, bir kişinin başına gələcək hadisələrin altına imza atandır qadın. Qadın başına nə gəlirsə gəlsin bağışlar, amma unutmaz. Bəzən qəmgin baxar, tənha gəzər, səssizliyə qərq olar. Qadını xoşbəxt etmək o qədər də çətin deyil əslində. Bir qadının göz yaşını axıtmasının səbəbi yox, onun üzündəki sevincin, ürəyinin döyüntüsünün bir sözlə yaşamasının səbəbi olacaqsan. Onu bir uşaq kimi güldürüb həyat dolu yaşadacaqsan Qadın candır, sənə həyatdır, nəşədir, qadın bir dünyadır. Yazılan, deyilən kəlamlara diqqət yetirsək deyildiyi kimi qadın peyğəmbərin alnından öpdüyü qız uşağıdır. Qadın kişilərə dini öyrədən müəllimədir. Qadın cənnəti kişiylə paylaşandır. Əgər bu qadınlar olmasaydı dünyada heç bir şeyin dəyəri olmazdı. Qadın zəhmətin nə olduğunu bilib, dünəni gözəlləşdirən, gələcəyə işıq saçandır. Qadın dünyaya Allahın əmanətidir!
Sahilə Cəfərli
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin əməkdaşı