Banka girov qoyulan torpaq sahəsində ev tikmək olar ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Özümə məxsus boş torpaq sahəsini banka girov qoymaqla kredit götürmüşəm. İndi həmin torpaqda ev tikmək istəyirəm. Bunun üçün bankdan razılıq almalıyam?
Cavab: Siz özünüzə məxsus torpaq sahəsində yaşayış evinin inşası ilə bağlı müvafiq qanunvericiliyin tələblərinə əməl etməklə fərdi yaşayış evi tikmək hüququna maliksiniz. Bunun üçün ipoteka saxlayanın (konkret halda bankın) razılığının alınması tələb edilmir. Lakin bu zaman bir halı nəzərə almalısınız: torpaq sahənizə dair yaranmış ipoteka hüququ inşa edəcəyiniz fərdi yaşayış evinə də şamil ediləcəkdir. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, “İpoteka haqqında” qanunun 52-ci maddəsinə əsasən, tikəcəyiniz fərdi yaşayış evi barəsində ipoteka saxlayanın (bankın) razılığı olmadan sərəncam vermək (satmaq, bağışlamaq və s.) hüququna malik olmayacaqsınız.
Sualı cavablandırdı: Culfa rayon Prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Heydər İbirahimov