Babək rayonunda maarifləndirici seminar keçirilib

Babək rayonunda maarifləndirici seminar keçirilib

31 May 2023

Mayın 30-da Babək rayonunda bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələblərimövzusunda  maarifləndirici seminar keçirilib. Seminar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Babək Rayon İcra Hakimiyyətinin və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.               

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Muşfiq Məmmədsoy seminarı giriş sözü ilə açaraq maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb, bələdiyyə orqanlarında işin səmərəli qurulması istiqamətində görüləcək işlərdən bəhs edib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov torpaqlardan, o cümlədən bələdiyyə torpaqlarından təyinatına uyğun istifadə olunması,  bələdiyyə torpaqlarının mülkiyyətə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində qanunvericilikdə nəzərdə tutulan əsas məqamları diqqətə çatdırıb. Bildirib ki, bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi məsələləri Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin və aidiyyəti dövlət qurumlarının diqqətindədir və bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Bələdiyyə mülkiyyətinə aid torpaqların mülkiyyətə və icarəyə vermək hüququ yerli özünüidarəetmə orqanlarının səlahiyyətinə aiddir.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Davud Qarayev “Şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsasları, bələdiyyələrin bu sahədə hüquq və vəzifələri”, Daşınmaz  Əmlak və Torpaq Məsələləri üzrə Dövlət  Xidmətinin əməkdaşı Zaur Vəliyev “Torpaqayırma sənədlərinin hazırlanması və bələdiyyə tərəfindən xüsusi mülkiyyətə ayrılan torpaq sahəsinin bazar qiyməti əsasında müəyyən edilməsi”, Babək Rayon  İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Qalib Abbasov “Tikinti norma və qaydalarını tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr” və Hərracların  Təşkili üzrə Auksion Mərkəzinin əməkdaşı Məmməd Cəfərovun “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı hərracların keçirilməsi qaydaları” mövzularında çıxış ediblər.

Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, bələdiyyə sədrlərinə Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış “Bələdiyyə mülkiyyətində olan torpaqların ayrılması ilə bağlı sənədlərin hazırlanmasına dair” metodiki vəsait təqdim edilib.