Babək Rayon Mədəniyyət Sarayında "Milli Musiqi Günü" qeyd olunub -

Babək Rayon Mədəniyyət Sarayında "Milli Musiqi Günü" qeyd olunub - FOTO

18 Sentyabr 2023

Babək Rayon Mədəniyyət Sarayında “Milli Musiqi Günü” ilə bağlı “Heydər Əliyevin milli musiqimizin inkişafında rolu” mövzusunda tədbir keçirilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, tədbiri giriş sözü ilə Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə açaraq vurğulayıb ki, 1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın "Milli Musiqi Günü" kimi qeyd olunması qərara alınıb. Ulu öndər hər zaman dahi bəstəkar Üzeyir Hacıbəyovun yaradıcılığını yüksək qiymətləndirib. Ümummilli lider deyib ki, Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı ilə, böyük fədakarlığı, mükəmməl təhsili, elmi ilə, vətənpərvərliyi, ictimai – siyasi fəaliyyəti ilə Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sıralarında duran və Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur.

Tədbirin bədii hissəsində Azərbaycanın bəstəkar və xalq musiqiləri səsləndirilib, saz havaları ifa edilib, “Arşın mal alan” və “O olmasın bu olsun” musiqili komediyalarından parçalar nümayiş etdirilib.

Tədbirdə Nehrəm Qəsəbə Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə IV sinif şagirdi İbrahim Məmmədli və V sinif şagirdi Şahin İsmayılov eləcə də onların müəllimləri mükafatlandırılıb.

Qeyd edək ki, mükafat alanlar ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Uşaq İncəsənət Festivalında iştirak ediblər.

Tədbirin sonunda mövzuya uyğun təşkil olunan sərgiyə baxış olub.