
Azərbaycanlılara qarşı soyqırımı
Əsrlər boyu Azərbaycan torpaqlarına göz dikən ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağını vəd edirdi. Hətta 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması də nəzərdə tutulmuşdur.
Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirməyə başladılar. Ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətməyə başladılar.
Tarixi proseslərin gedişi ona gətirib çıxardı ki, 1813-1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanı, onun tarixi torpaqlarını parçaladı, xalqımızı iki yerə böldü
Qafqazı tutduqdan sonra Rusiya öz ərazisindəki məcburi köçkünləri Azərbaycana göndərir. Eyni zamanda, Rusiyanın İrandakı səlahiyyətli səfiri A.S.Qriboyedovun (1795-1829) şəxsi təşəbbüsü ilə İrandan minlərlə erməni ailəsi Naxçıvana, Zəngəzura və Qarabağa köçürülür.
1828-ci ilin martında çar I Nikolayın göstərişi ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” adlanan inzibati vahid yaradıldı. Qısa müddətdə Azərbaycan ərazilərinə İrandan və Türkiyədən 130 minə yaxın erməni köçürüldü. 1828-1830-cu illərdə Naxçıvan xanlığının ərazisinə 2511 erməni ailəsi köçürüldü ki, onların da ümumi sayı 12555 nəfər idi. Bunlardan başqa, Naxçıvan şəhərində 434 erməni ailəsi yerləşdirildi.
1828-ci ildə Naxçıvan və Ordubadda 4149 azərbaycanlı ailəsi, 810 erməni ailəsi yaşasa da, iki ildən sonra erməni ailələrinin sayı 3321-ə çatmışdı. Lakin ermənilərin və rusların bütün cəhdlərinə baxmayaraq Naxçıvanda etnik vəziyyəti ermənilərin xeyrinə dəyişdirmək mümkün olmadı. Belə ki, kütləvi köçürülmələrdən sonra, 1897-ci ilin siyahıyaalınma göstəricilərinə görə, Naxçıvan və Şərur-Dərələyəz qəzalarında yalnız 55398 nəfər erməni, 115711 nəfər azərbaycanlı yaşayırdı .
1841-ci ildə Naxçıvan torpaqları Gürcüstan-İmeretiya quberniyasının tərkibinə verildi. 1850-ci ildə Naxçıvan, Şərur-Dərələyəz qəzaları və Ordubad dairəsi yeni yaradılan İrəvan quberniyasına birləşdirildi.
Çarizmin XIX əsrdə ermənilərin İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülməsi siyasəti Rusiyanın gələcək imperialist planlarının həyata keçirilməsi üçün bölgədə daha münasib etnik-sosial və ictimai-siyasi zəmin hazırlamaq məramına xidmət edirdi. İranla və Türkiyə ilə davamlı münaqişə və müharibələr rusların cənub sərhədlərini əhatə edən əraziləri xristian ermənilərlə məskunlaşdıraraq bir tərəfdən adı çəkilən hər iki müsəlman dövlətinin bölgədə təsirini zəiflətmək, digər tərəfdən isə gələcəkdə baş verə biləcək yeni müharibələrdə ermənilərdən məqsədəmüvafiq şəkildə istifadə etmək məramına xidmət edirdi. Ümumiyyətlə, Cənubi Qafqazda XX əsrin əvvəllərindən başlayaraq milli-etnik zəmində baş verən münaqişələr göstərdi ki, çarizm bütövlükdə Cənubi Qafqazı xristianlaşdırmaq siyasəti yürütməklə bu bölgəni birdəfəlik İranın və Türkiyənin nəzarətindən qoparmaq və belə bir perspektivin olmamasını təmin etmək üçün ermənilərdən bir vasitə kimi istifadə etmişdi.
Belə bir şəraitdə 1890-cı ildə yaradılan avantürist, qatı millətçi və terrorçu erməni “Daşnaksütyun” partiyası Türkiyənin şərq ərazilərində “Böyük Ermənistan” yaratmaq xülyası puça çıxdıqdan sonra XX əsrin əvvəllərindən başlayaraq Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına qondarma erməni dövlətinin yaradılmasına çalışırdı. XX əsrin əvvəlləri üçün Azərbaycanın, o cümlədən onun ayrılmaz tarixi torpaqları olan Naxçıvanın ictimai-siyasi, demoqrafik, etnik-sosial tarixi bilavasitə ermənilərin törətdiyi qanlı qırğınlar, deportasiya, vəhşi terror və insanlığa sığmayan digər cinayətləri ilə müşayiət olunurdu.
Ermənilər azərbaycanlılara qarşı qanlı soyqırım və deportasiya siyasətinin ilk mərhələsini çarizmin fəal dəstəyi ilə 1905-1907-ci illərdə həyata keçirdilər. Hadisələr nəticəsində Bakıda və Naxçıvanda, Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında yüzlərlə azərbaycanlı kəndi dağıdıldı, on minlərlə günahsız insan erməni vəhşiliyinin qurbanı oldu. Çarizmin ermənilərin vasitəsi ilə yürütdüyü milli qırğın siyasətinin nəticəsi əhalinin demoqrafik vəziyyətində öz əksini tapdı. 1897-ci ildə İrəvan quberniyasında azərbaycanlıların sayı 313176 nəfər olduğu halda, 10 il sonra, 1907-ci ildə 302965 nəfər qalmışdı. Deməli, qırğınlar nəticəsində təkcə İrəvan quberniyasında əhalinin 10 illik təbii artımından 10 min nəfər artıq azərbaycanlı məhv edilmişdi. İrəvanda rusca nəşr edilən “İrəvan quberniyasının 1908-ci il üçün yaddaş kitabçası”nda İrəvan quberniyasının 242 kəndində 65149 nəfəri türk, 5579-u kürd olmaqla, cəmi 70728 müsəlmanın öldürüldüyü göstərilir. 1897-1907-ci illərdə təkcə Naxçıvanda azərbaycanlı əhalinin sayı 31279 nəfər (34,6 faiz) azalmışdı. Əhalinin təbii artımını da nəzərə almaqla, 1905-1907-ci illər soyqırımı nəticəsində təkcə Naxçıvanda azərbaycanlıların sayının təxminən iki dəfə azaldığını söyləmək olar.
Azərbaycanlılara qarşı soyqırım və deportasiyanın ilk kütləvi mərhələsini təşkil edən 1905-1907-ci illərdə ermənilər, Bakı da daxil olmaqla, Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda azərbaycanlılara qarşı açıq-aşkar milli qırğın həyata keçirdilər. Dinc azərbaycanlı əhalinin zəif silahlandığı, bunun müqabilində isə həbi-siyasi cəhətdən çar məmurları tərəfindən hər cür himayə olunan ermənilərin getdikcə daha da azğınlaşması nəticəsində Naxçıvan erməni vəhşiliyi ilə üz-üzə qaldı. Bölgənin Naxçıvan, Ordubad, Cəhri, Şıxmahmud, Kültəpə, Əliabad, Çeşməbasar, Tivi, Tumbul və s. onlarla şəhər və kəndlərinin əhalisinə vəhşicəsinə divan tutuldu. Bütün bunlar onu deməyə əsas verir ki, xalqımıza qarşı yürüdülən etnik təmizləmə siyasətinin vüsət aldığı elə ilk mərhələdən ermənilərin işğalçılıq planlarında Naxçıvan həmişə əsas yerlərdən birini tutmuşdur.
Üç əsrlik Romanovlar monarxiyasının süqutu və Rusiyada 1917-ci il fevral burjua-demokratik inqilabının qələbəsindən sonra qurulan Müvəqqəti hökumətin Naxçıvanda da yerli orqanları təşkil edildi. Eyni zamanda, Naxçıvan şəhərində, Culfada, Şahtaxtı dəmir yolu stansiyasında və başqa yerlərdə sovetlər yaradıldı. Naxçıvanda ikihakimiyyətlilik əmələ gəldi. 1917-ci ilin sonu-1918-ci ilin əvvəllərində Naxçıvan diyarında siyasi vəziyyət getdikcə mürəkkəbləşir, hakimiyyəti ələ keçirmək uğrunda mübarizə kəskinləşirdi.
Yaranmış qarışıq siyasi vəziyyətdə Azərbaycan torpaqlarını qəsb etmək istəyən silahlı erməni dəstələri yenidən qanlı cinayətlər törətməyə başladılar. Ermənilər Zəngəzuru işğal etdikdən sonra, 1918-ci il fevralın sonları-martın əvvəllərində Naxçıvan bölgəsinin dinc əhalisinə qarşı genişmiqyaslı təcavüzə başladı. Heydər Əliyev ermənilərin bu dövrdə Naxçıvanın işğalı ilə bağlı qəsbkarlıq planlarına toxunaraq deyirdi: “... Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər” 1918-ci ilin iyununda Andranikin quldur dəstələri Naxçıvan şəhəri ətrafına qədər gəlib, vəhşicəsinə əhalini qırır, kəndləri yandırıb viranə qoyurdu.
Naxçıvanda törədilən qırğınlar Erməni silahlı dəstələrinin başında duran Andranik Ozanyan və onun kimi radikal türk düşmənçiliyi ilə tanınan Nijde, Dro, Qibbon, Doluxanyan'ın liderliyi altındakı erməni dəstələri tərəfindən həyata keçirilirdi. Bu komitəçilər Anadolu və Qafqazdakı qanlı hadisələrin birinci dərəcədən cavabdehləri idilər. Arxiv sənədlərində yuxarıda adları keçən erməni komitəçilərinin, xüsusilə Andranik Ozanyanın silahlı birliklərinin İrəvan əyalətində 200-dən çox, Naxçıvan, Şərur-Dərələyəz və Ordubad nahiyələrində də 50-dən çox müsəlman kəndlərinə hücumlar təşkil etdiklərini, kənd əhalisinin böyük əksəriyyətinin da qətlə yetirildiyinə dair əhəmiyyətli məlumatlar var.
Naxçıvan, Qarabağ və Zəngəzurun Ermənistana birləşdirilməsi vəzifəsini öhdəsinə götürərək öz qanlı fəaliyyətlərinə start verən A.Ozanyan, Bakı Xalq Komissarları Sovetinin sədri, əsl həqiqətdə isə komitəçi (daşnak) olan, lakin bolşevik maskasına bürünən Stepan Şaumyanın tövsiyələri istiqamətində 1918-ci ilin iyun-iyul aylarında Naxçıvan da çox sayda kənd və qəsəbələri talan edib yandırmışdır.
1918-ci ilin iyun ayının əvvəllərində Araz çayının sol sahilindəki Yaycı kəndinə hücum edən Andranik silahsız əhaliyə işgəncə edərək öldürmüşdür. Təxminən 4 min əhalisi olan kənd əhalisinin yarıdan çoxu, qadın, uşaq və yaşlı insan Andranik və onun silahlı dəstələri tərəfindən qətl edildi. Çox sayda insan isə Araz çayına atılaraq boğuldu. Ölənlər o qədər çox, sağ qalanlar isə o qədər az idi ki, cəsədləri dəfn etmək üçün insan tapılmırdı. Andranikin çaya atdığı insanların cəsədlərini Nüvədi kənd sakinləri çıxararaq dəfn etdilər. Cəsədlərin sayının çoxluğundan böyük bir qəbiristanlıq meydana gəlmişdi.
Yaycıdan Ordubada doğru irəliləyən Andranik yol boyunca bütün azərbaycanlı kəndlərini talan edərək 2 min insanı qətl etdi. Andranikin vəhşilikləri Nurs, Kolanı, Mahmutoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanağa, Bənəniyar, Camaldin, Ərəzin, Kırna və digər kəndlərdə də davam etdi.
Sənədlər Şərur bölgəsinə bağlı 45 kəndin də erməni komitəçilərinin hücumuna uğradığı, əhalisinin qətlə yetirildiyi və Araz çayına atıldıqları barəsində də məlumatlar verir.
Andranikin dəstəsi Naxçıvan və onun ətraf kəndlərində törətdiyi vəhşiliklərdən sonra 1918-ci ilin sentyabr ayında Sisyana, noyabr ayında isə Gorusa gəlir və orada məskən salır. Bu tarixdən Zəngəzurun və bütün Qarabağın qara günləri başlayır. Sisyandan başlamış Şuşayadək Azərbaycan kəndlərini oda yaxıb viran qoymuş, sonra Dərələyəzə qayıtmış, Keşişkənddə Yapon adlı digər erməni daşnakı ilə birləşərək Çivə kəndinə hərəkət etmiş, yolüstü Əmov kəndində qırğın təşkil etmişdir. Onlar Şərur rayonunun Danzik, Dizə kəndlərinə də hücum etmək istəmiş, lakin məğlub olmuşdur. Andranik bu məğlubiyyətin əvəzini Qarağacda və Şabili kəndlərini yandırıb əhaliyə divan tutmaqla çıxır. Törətdiyi qırğınların miqyası o qədər böyük idi ki, Andranik öz qanlı cinayətləri ilə artıq Naxçıvanı öz hakimiyyətinə tabe etdiyini düşünürdü. Onun məqsədi Şuşadan başlamış Aralıq dənizinədək uzanan əraziləri nəzarət altına almaq idi. Bu minvalla Azərbaycan, Türkiyənin 6 əyaləti Böyük Ermənistanın tərkibinə daxil olmalı, yəni dənizdən dənizə terrorçu, hərbiləşdirilmiş daşnak partiyasının ruhuna uyğun doğma hökumət yaradılmalı idi.
1918-1920-ci illərdə ermənilərin Azərbaycanda, o cümlədən Naxçıvanda törətdikləri cinayətlərin arxasında böyük dövlətlər dayanırdı.
Böyük dövlətlərin bu dəstəyi sayəsində külli miqdarda silah və sursat təmin edən ermənilər Azərbaycanda ciddi etnik təmizlik siyasətini gerçəkləşdirdilər. Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda türk-müsəlman soyqırımı törədildi. Mənbələrdən əldə edilən məlumatlara görə, 1918-1921-ci illər arasında Naxçıvanda 73.727 nəfər ermənilər tərəfindən qətlə yetirilmişdir.
1918-ci il martın 31-də Bakı şəhərində də azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişdirlər.
Ümumiyyətlə, 1918-1920-ci illərdə erməni silahlı dəstələri tərəfindən Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 323 (o cümlədən, Zəngəzurda 166, Qarabağda 157), İrəvan quberniyasında 300, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdır. Ümumiyyətlə, 1905-1920-ci illərdə təkcə indiki Ermənistan ərazisində 500-dən artıq azərbaycanlı kəndləri dağıdılmış, onların böyük əksəriyyəti erməni yaşayış məntəqəsinə çevrilmişdi.
1918-1920-ci illərdə Ermənistanda azərbaycanlılara qarşı sözün həqiqi mənasında soyqırım törədildiyi haqqında kifayət qədər faktlar mövcuddur.
İlk dəfə olaraq, 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Ermənilərin XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya aksiyalarına hüquqi-siyasi qiymət vermək məqsədiliə ulu öndərimiz Heydər Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamış və bütün soyqırım faciələrini yad etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayır. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Azərbaycan Prezidenti haqlı olaraq qeyd edirdi ki: “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.
Bəli, bu gün ermənilər cəzalarını aldılar. 2020-ci il sentyabr ayının 27-də ermənilərin növbəti təxribatlarına və təcavüzünə cavab verən Müzəffər Ordumuz Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində hərbi əməliyyatlar nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. 44 gün ərzində ermənilərə layiq olduqları cavabı verdik. Onların iç üzlərini bütün dünyaya bəyan etdik.
Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Xalqımızın “Dəmir yumruq”da birləşərək düşmənə zərbə vurması tariximizin yaddaşına əbədilik yazılacaqdır.
Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.
Ələkbər CABBARLI
Fəxriyyə CƏFƏROVA