
Azərbaycanda daxildə emal gömrük proseduru altında yerləşdirilən malların həcmi artıb
Bu il Azərbaycan hökumətinin qərarı ilə daxildə emal xüsusi gömrük prosedurundan istifadə imkanları genişləndirilib.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023"də çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu prosedur altında ölkəmizdə emal olunaraq ixrac edilən məhsulların istehsalında istifadə olunan xammalın ölkəmizə gətirilməsi gömrük rüsumları və vergilərdən, o cümlədən ƏDV-dən azad olunub.
E. Əliyev qeyd edib ki, bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox - 500 milyon ABŞ dollarından çox dəyərdə məhsul daxildə emal gömrük proseduru altında yerləşdirilib: "Beləliklə, bu göstərici sözügedən mexanizmin emal və xidmət sektorunun inkişafı, xüsusilə də ixrac fəaliyyətinin genişləndirilməsi üçün mühüm əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir".