Azərbaycan və Qırğızıstanın maliyyə kəşfiyyat xidmətləri əməkdaşlıq haqqında Memorandum imzalayacaq
Azərbaycan və Qırğızıstanın maliyyə monitorinq xidmətləri arasında çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsi ilə bağlı maliyyə kəşfiyyatı məlumatlarının mübadiləsində əməkdaşlığın nəzərdə tutulduğu Anlaşma Memorandumu imzalanacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" memorandumun layihəsinə istinadən xəbər verir ki, sənəddə hər iki ölkənin xidmətləri pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması ilə bağlı əməliyyatlar haqqında onlarda mövcud olan məlumatların toplanması, işlənib hazırlanması və təhlili, terrorizmin maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılmasının və ya bununla bağlı predikativ cinayətlərin maliyyələşdirilməsi sahəsində qarşılıqlı əsasda əməkdaşlıq edəcək.
Tərəflər ilkin planlaşdırma və ya sorğu olmadan qarşılıqlı əsasda mövcud olan ən geniş məlumat spektrini sərbəst şəkildə mübadilə edəcəklər. Onlar sorğu edən tərəfdaşın adından sorğular aparmaq və belə sorğuların ölkə daxilində həyata keçirildiyi təqdirdə əldə edə biləcəkləri bütün məlumatları təqdim etməlidirlər.
Tərəflər mübadilə edilən məlumatdan yalnız onun tələb olunduğu və ya təqdim edildiyi məqsəd üçün istifadə edəcəklər. Hər hansı bir məlumatın yayılması və ya bu məlumatın ilkin təsdiq edilmişdən fərqli istifadəsi sorğu edilən tərəfin ilkin icazəsi əsasında həyata keçirilə bilər. Bu məlumat yalnız sorğuda təsvir edilən istintaq altında olan cinayətlərlə bağlı, bütün hallarda isə yalnız kəşfiyyat məqsədləri üçün istifadə edilə bilər.
Bu Anlaşma Memorandumunun tətbiqi nəticəsində əldə edilən məlumat məxfidir.
Belə məlumatların təqdim edilməsi ölkənin suverenliyinə, təhlükəsizliyinə, milli maraqlarına və ya digər mühüm mənafelərinə zərər verə bilərsə, tərəflər yardım göstərməyə borclu deyillər.