Azərbaycan peşə təhsili üzrə İsveçrə ilə ikili diplom proqramından istifadəyə başlayır

Azərbaycan peşə təhsili üzrə İsveçrə ilə ikili diplom proqramından istifadəyə başlayır

14 May 2024

Azərbaycanda ilk dəfə olaraq peşə təhsil sistemində İsveçrə ilə ikili diplom proqramından istifadəyə başlanılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" İqtisadi Zonaların İnkişaf Agentliyinə istinadən xəbər verir ki, bu, Agentliyin Peşə Təhsil Mərkəzi ilə İsveçrənin universiteti "SMBS – Swiss Montreux Business School" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanması nəticəsində mümkün olub.

Memorandumda tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulması, tələbələr üçün müvafiq sahələr üzrə Avropa təhsilini distant qaydada əldə etmək imkanının yaradılması, tələbə mübadiləsinin aparılması, tədris materiallarının təkmilləşdirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.

Bu əməkdaşlıq çərçivəsində İT-informasiya texnologiyaları, strateji menecment, logistika və digər sahələr üzrə tələbələrin İsveçrənin təhsilini alması və ikili diplom proqramından faydalanması nəzərdə tutulur. Proqramdan Peşə Təhsil Mərkəzinə 9 illik təhsil bazasından qəbul olan tələbələr faydalana bilərlər.

Sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və "SMBS – Swiss Montreux Business School"un qəbul üzrə direktoru Andrü Tasun imzalayıblar.

Xatırladaq ki, "SMBS – Swiss Montreux Business School" tərəfindən təqdim edilən diplom Avropa Birliyi və Şimali Amerikanın bütün ölkələrində tanınır.