Azərbaycan məhsullarının Türkiyə supermarketlərində satışı müzakirə olunub

Azərbaycan məhsullarının Türkiyə supermarketlərində satışı müzakirə olunub

29 Noyabr 2024

Azərbaycanın ixrac potensiallı məhsullarının Türkiyənin iri supermarketlər şəbəkələrində satışı imkanları müzakirə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı ölkəmizin Türkiyədəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, “SOCAR Türkiyə” və iş adamlarının iştirakı ilə onlayn toplantı keçirilib.

Toplantıda ölkəmizin ixrac potensiallı məhsullarının, o cümlədən Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə etdiyi məhsul kateqoriyalarının Türkiyənin iri supermarketlər şəbəkələrində satışı imkanları barədə müzakirələr aparılıb.

Müzakirələrin tərəflər arasında əməkdaşlığın artırılması baxımından əhəmiyyəti nəzərə alınaraq bu cür görüşlərin davam etdirilməsi barədə razılıq əldə edilib.