“Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər” mövzusunda konfrans təşkil edilib

“Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər” mövzusunda konfrans təşkil edilib

15 May 2024

15 May - Beynəlxalq Ailə Günü ilə əlaqədar olaraq Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə Bakıda “Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər” mövzusunda konfrans təşkil edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir STM-in icraçı direktoru Sahib Məmmədovun moderatorluğu ilə keçirilib. Konfransda çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, BMT-nin Baş Assambleyası 1993-cü ildə 15 may tarixinin Beynəlxalq Ailə Günü kimi təsis edilməsinə qərar verib və həmin gündən 31 il keçir. Böyük mənəvi ideoloji dəyəri olan ailə məfhumunun zəngin ənənələrə malik ölkəmizdə diqqətdə saxlanıldığını vurğulayan Z.Oruc Azərbaycan cəmiyyətində ailəyə verilən dəyərlərdən danışıb.

STM-in İdarə Heyətinin sədri bildirib ki, Ulu Öndər Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi qiymətləndirərək ailə ənənələrinə, milli-mənəvi dəyərlərimizə sədaqətin, uşaqların müasir səviyyədə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırdı. Azərbaycan cəmiyyətində ailəyə verilən dəyərdən və ailə məsələləri ilə bağlı həssaslıqdan, ənənələrə sadiqlikdən, eyni zamanda, yeni tendensiyalardan danışan Z.Oruc deyib: “Minillik azadlıq arzularını reallaşdıran xalqımızın Zəfərinin əsasında məhz möhkəm ailə dəyərləri dayanır. Düşünürəm ki, belə bir xalqın ailə dəyərləri kontekstində öz milli günü olmalıdır”.

Ailə tərbiyəsinin hər bir uşaq və gənc üçün mühüm amillərdən olduğunu diqqətə çatdıran STM-in İdarə Heyətinin sədri sosial-mənəvi, mədəni-milli mühitin saflığının qorunmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, bu istiqamətdə ölkəmizdə müvafiq tədbirlər görülür. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mеhribаn хаnım Əliyevа Azərbaycan qadınlarının problеmlərinə, onlаrın ictimаi həyаtdа аktiv rolunun təmin еdilməsinə böyük qаyğı ilə yаnаşırlar.

Cəmiyyətdə gənclərin rolunu yüksək qiymətləndirən Z.Oruc işğaldan azad olunmuş ərazilərimizdə gənclik şəhərinin yaradılmasını təklif edib.

Mediasiya Şurasının İdarə Heyətinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Nadir Adilov ailə münaqişələrinin həllində tədqiqat əsaslı strategiyaların vacibliyindən danışıb. Ölkədə boşanmaların əsas səbəbinin planlaşdırılmış nikahlar olduğunu diqqətə çatdıran N.Adilov bildirib ki, cari ilin birinci rübündə quruma 11 min 692 min müraciət daxil olub və bundan təxminən 10 min müraciət ailə mübahisəsi zəminindədir. Müraciətlərdən 522-si kommersiya, 487-si əmək, 83-ü isə digər sahələrə aiddir.

Mediasiya Şurasının İdarə heyətinin sədri ölkədə cari ilin birinci rübündə boşanma ilə bağlı 1300 işə xitam verildiyini də diqqətə çatdırıb. O, ailə-məişət zəminində baş verən problemlərin həlli istiqamətində qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, psixoloqlarla bağlı inzibati məsuliyyətlə əlaqədar qanunvericilikdə bəzi boşluqlar vardır. Vətəndaşların əksəriyyəti psixoloqlardan zərər görürlər və biz çox vaxt çətinlik qarşısında qalırıq. Ödənişsiz vəkil xidməti ilə bağlı danışan N.Adilov əmək mübahisələrinin sayının kəskin aşağı düşdüyünü də qeyd edib.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadənin təqdimatında STM-in 2023-cü il ərzində həyata keçirdiyi sorğular əsasında tərtib olunan “Müasir Azərbaycan ailəsi” mövzusunda hesabat barədə məlumat verilib. Analitik hesabatın müəllifi H.Axundzadə “Müasir Azərbaycan ailəsinin ənənəvi və yenilənən cəhətləri” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, hesabat 3478 respondentin rəyini əks etdirir.

Konfrans müzakirələrlə davam edib.