Aşqabadda Heydər Əliyevin 100 illiyi ilə bağlı foto-sərgi açılıb

Aşqabadda Heydər Əliyevin 100 illiyi ilə bağlı foto-sərgi açılıb

28 Noyabr 2023

Aşqabadda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev – Türkmənistan və Azərbaycan qardaşlığı” adlı foto-sərgi açılıb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, Aşqabadın “Muğam” Sarayında açılan foto-sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də Azərbaycan və Türkmənistan diplomatik münasibətlərini səciyyələndirən fotolar nümayiş etdirilib.

Sərginin açılışında Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev iştirak edib.

Tədbirdə həmçinin, xarici ölkələrin Türkmənistandakı səfirləri, diplomatik nümayəndəliklərin rəhbərləri, əməkdaşları, ailə üzvləri, eləcə də ictimaiyyət və media təmsilçiləri iştirak edib.