Araz-Türk Respublikasının yaradılmasının 105-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Cəmşid Naxçıvanski Muzeyində Araz-Türk Respublikasının yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib. Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, həmçinin Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə muzeyin direktoru Abasət Nuriyev açıb. “1918-1920-ci illərdə Naxçıvanın müdafiəsinin təşkili” mövzusunda çıxış edən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmlər doktoru, dosent Xəzər Hüseynov Araz-Türk Respublikasının yaradılmasında və Naxçıvanın müdafiəsində Naxçıvanskilərin rolundan danışıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Araz-Türk Respublikasının ilk paytaxtı Türkiyə Cümhuriyyətinin İğdır şəhəri olub. Sonra isə müəyyən səbəblərə görə paytaxt Naxçıvana köçürülüb. Hazırda muzey kimi fəaliyyət göstərən bina o vaxt Araz-Türk Respublikasının binası olub. Vurğulanıb ki, Araz-Türk Respublikasının yaradılmasının başlıca səbəblərdən biri Naxçıvanın təhlükəsizliyini təmin etmək idi. Araz-Türk Respublikası erməni daşnaklarının bölgəyə girməsinin qarşısını alıb. Diqqətə çatdırılıb ki, eyni vəziyyəti Naxçıvan ötən əsrin 90-cı illərində də yaşadı. Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlişi ilə qədim diyarımız düşdüyü ağır vəziyyətdən qurtardı.
Tədbirdə muzeyin fond mühafizi-elmi işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynovanın “Araz-Türk Respublikasının fəaliyyətində Naxçıvanskilərin rolu” mövzusunda çıxışı dinlənilib.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb, sonra muzeyə baxış keçirilib.