Ailədaxili münasibətlər müzakirə edilib -

Ailədaxili münasibətlər müzakirə edilib - FOTO

22 May 2024

Mayın 22-də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz şəhərində keçirilən tədbirdə ailədaxili münasibətlərin pozulmasının səbəb olduğu psixoloji problemlərdən danışılıb.

Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Nübar Səfərova mövzunun əhəmiyyətindən danışaraq ailədaxili münasibətlərin milli ailə dəyərlərimizə uyğun qorunması və müdafiə olunmasının vacibliyini vurğulayıb.

Tədbirdə təqdimatla çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova qeyd edib ki, ailə münasibətlərinə, həmçinin onun dəyərlərinə zərər yetirən amillərin əhatə dairəsi kifayət qədər genişdir. Buna görə də hər bir kəs öz ailəsinin tamlığını qoruyub saxlamaq üçün ilk növbədə cəmiyyət qarşısında ciddi məsuliyyət daşıdığını dərk etməlidir. Bütövlükdə isə dövlətin və cəmiyyətin daha da dinamik inkişafı naminə ailə münasibətləri də inkişaf etdirilməlidir.

Çıxışların ardından tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.