“20 noyabr-Ümumdünya Uşaq Günü” münasibətilə tədbir keçirilib - FOTO
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “20 noyabr-Ümumdünya Uşaq Günü” münasibətilə tədbir keçirilib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndiriliməsi, Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova tədbirdə iştirak edən uşaqları 20 noyabr-Ümumdünya Uşaq Gunu münasibəti ilə təbrik edib. Qeyd edib ki, ölkəmizdə uşaqlara diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. 1998-ci il 19 may tarixdə Azərbaycan Respublikasının “Uşaq Hüquqları Haqqında”, 1999-cu il 22 iyun tarixdə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunları qəbul edilib. A.Məmmədova bildirib ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları Haqqında” Konvensiyasına qoşulub, “Uşaq Hüquqları Haqqında” Bəyannaməni qəbul edib.
Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə ölkəmizdə uşaqların hərtərəfli inkişafı, layiqli vətəndaş kimi böyümələri üçün Dövlət Proqramları qəbul edilir, sosialyönümlü layihələr icra olunur.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti həyata keçirilir və mütəmadi olaraq uşaq müəssisələrində və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadıqları ünvanlarda monitorinqlər təşkil olunur. Uşaqlara göstərilən dövlət qayğısının nəticəsidir ki, digər uşaqlarla yanaşı sağlamlıq imkanları məhdud uşaqların da vətənə layiq vətəndaş kimi yetişməsinə xidmət edir.
Muxtar respublika əhalisinin 27 faizini uşaqların təşkil etdiyini bildirən A.Məmmədova uşaqların sağlamlığının qorunması, sağlamlıq tədbirlərinin yaxşılaşdırılması və uşaqlara müasir tələblərə uyğun tibbi xidmətin göstərilməsi diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Qeyd edib ki, Komitə tərəfindən 20 noyabr-Ümumdünya Uşaq Gunu ilə əlaqədar “Uşaq hüquqları uşaqların gözü ilə” mövzusunda esse və rəsm müsabiqəsinə 115 esse və 83 rəsm olmaqla ümumilikdə, 198 iş təqdim olunub.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Piri Nağıyev və Təhsil Nazirliyi Aparatının Sektor müdiri Gülxanım Orucova çıxış ediblər.
Tədbirdə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Uşaq hüquqları uşaqların gözü ilə” mövzusunda esse və rəsm müsabiqəsinin qalibləri Komitə tərəfindən mükafatlandırılıblar.
Tədbir bədii hissə ilə davam edib.
Sonda müsabiqə qaliblərinin rəsm işlərindən ibarət sərgisinə baxış olub.