15 May Beynəlxalq Ailə Günüdür

15 May Beynəlxalq Ailə Günüdür

15 May 2024

100 yaşlı muxtar respublikada ailə dəyərləri qorunur.

 BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən 1994-cü ildən başlanaraq hər il may ayının 15-i dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur.  Azərbaycan bu ənənəyə 2008-ci ildən qoşulub. Olduqca əhəmiyyətli dəyərləri özündə ehtiva edən bu əlamətdar gündə dünya miqyasında bütün insanların diqqəti bir daha ailə problemlərinin həllinə yönəldilir. Ölkəmizdə bu günün qeyd olunması milli və ailə dəyərlərimizi daha da möhkəmlətmək, adət-ənənələrimizi qorumaq kimi ali məqsəd daşıyır.

Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. “Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır”  deyən Ümummilli Liderimiz Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən başlayaraq milli dəyərlərimizin qorunub yaşadılmasına, ailə dəyərlərinə qayğı ilə yanaşıb. Ulu Öndərimizin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirilib. Dahi şəxsiyyətin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Kon­s­titusiyasında göstərilir ki, ailə dövlətin xüsusi himayəsindədir. Əsas Qanunumuzun 34-cü maddəsində hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququnun müəyyən edilməsi, nikahın könüllü razılıq əsasında bağlanılmasının təsbit edilməsi ailənin mənəvi sağlam əsaslar üzərində qurulmasını təmin edir.

1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsi isə ailə münasibətlərinin tənzimlənməsini özündə əks etdirən əsas hüquqi sənəddir. Ailə Məcəlləsində ailənin möhkəmləndirilməsi zərurəti, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulması, ailənin işlərinə kənar şəxslərin müdaxiləsinin yolverilməzliyi, ailə üzvlərinin ailə qarşısında məsuliyyəti və onların hüquqlarının maneəsiz həyata keçirilməsi öz əksini tapıb.

Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutub və bu, bizim milli adət-ənənəmizə çevrilib. Bu bir həqiqətdir ki, qədim Naxçıvan diyarında ailələrin möhkəmliyi və ailə ənənələrinə sadiqlik hər zaman diqqət çəkib. Bu baxımdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailəsi də gənclərimizə örnək, ən gözəl nümunədir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Bu gün Azərbaycanda ailə, qadın və uşaq siyasətinin əsasını qoyan Heydər Əliyev yolunu və ideyalarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daha da gücləndirirlər.

Ölkə Prezidenti cənab İlham Əliyevin atdığı addımların bəhrəsini hər bir Azərbaycan vətəndaşı hiss edir. “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır” deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ailə siyasəti tarixi keçmişimizə, min illərdən süzülüb gəlmiş milli-mənəvi dəyərlərimizə və əsrlərlə formalaşmış ailə münasibətlərinə əsaslanır. Bu gün ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi layihələr ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bu mənada ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 6 fevral 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu gün ölkəmizdə ailə, qadın və uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən edilib. Bundan əlavə, ölkəmizdə ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutan bir sıra qanunlar və dövlət proqramları qəbul edilib.

Dövlət ailə, qadın və uşaq siyasəti ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də öz növbəsində dövlət ailə siyasətinin həyata keçirilməsi, ailə institutunun inkişafı istiqamətində fəaliyyət göstərərək, cəmiyyətdə ailə dəyərlərinin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliği məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin təcəssümü olan nümunəvi ailələr müəyyənləşdirilir, onlarla görüşlər keçirilir, hədiyyələr təqdim olunur, həyat təcrübələri mediada işıqlandırılır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xalqımızın ailə dəyərlərinin yaşadılması, ailə üzvlərinin reproduktiv sağlamlığının qorunması məqsədilə plana uyğun və mütəmadi tədbirlər keçirilir. Muxtar respublikanın demək olar ki, bütün yaşayış məntəqələrini əhatə edən tədbirlərdə ailələrin sağlam təməllər üzərində qurulmasına diqqət yetirilir, milli genofondumuza mənfi təsir edə biləcək qohum evliliklərinin və erkən nikahların fəsadları barədə maarifləndirmə işləri görülür, müvafiq mövzularda konfranslar, seminarlar, müsabiqələr və festivallar keçirilir, uzunömürlü ailələrin nümayəndələri ilə yeniyetmə və gənclərin görüşü təşkil edilir, eləcə də kütləvi informasiya vasitələrində sağlam ailənin formalaşması, ailə dəyərləri, uşaqların tərbiyəsinə təsir edən amillərlə bağlı çıxışlar edilir, maarifləndirici tədbirlər görülür. Eyni zamanda uzunömürlü ailələrin evlilik yubileylərinin qeyd edilməsi artıq bir ənənəyə çevrilib. Hər il uzunömürlü ailələrin “gümüş”, “qızıl” və “brilyant” toyları qeyd olunur, onlara qiymətli hədiyyələr verilir.

Ümumi statistikaya nəzər saldıqda görürük ki, hazırda Naxçıvan Muxtar Respublikasında 99 min 695 ailə yaşayır ki, bu da ötən illə müqayisədə 643 ailə çoxdur. Naxçıvan Muxtar Respublikasında aztəminatlı ailələrə xüsusi qayğı ilə yanaşılması və ailələrə dəstək dövlətin diqqət mərkəzindədir. Ötən dövrdə muxtar respublikada müharibə veteranlarına, şəhid və qazi ailələrinə, eləcə də hərbi qulluqçuların və fəaliyyət göstərdiyi sahədə uğurları ilə seçilən şəxslərin ailələrinə mənzillər verilib. Belə ki, muxtar respublikada mövcud olan 488 şəhid ailəsindən 81-i, 514 qazi ailəsindən isə 245-i mənzillə təmin olunub. Həmçinin özünüməşğulluq proramı çərçivəsində 1398 ailə özünüməşğulluğa cəlb edilib.

Xüsusi qayğıya ehtiyacı olan ailələrin rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlər görülür, onlara sosial müavinətlər ödənilir. Xüsusi qayğıya ehtiyacı olan ailələr həmçinin sosialyönümlü layihələrə cəlb edilir. 2023-cü il ərzində özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə 223 şəxsin 15 min 844 manat dəyərində 1528 əl işi və istehsal etdikləri məhsulların satışı həyata keçirilib. Cari il ərzində  də bu tədbirlər davam etdirilib, ötən 5 ay ərzində 7404 manat dəyərində 917 əl işi satılıb. Ötən il ərzində ailə, qadın və uşaq məsələləri ilə bağlı təbliğat işi aparılaraq keçirilən 187 (tədbir, seminar, görüş) maarifləndirici və təbliğat tədbirlərindən 61 ailə və 5974 nəfər yararlanıb, 3916 təbliğat materialı, o cümlədən broşürlər tədbir iştirakçılarına paylanılıb. Eyni zamanda maarifləndirici tədbirlərdə iştirak edən 958 qadın arasında ailə məsələləri ilə əlaqədar sorğu keçirilib. Komitə tərəfindən muxtar respublikada ailə institutunun qorunub saxlanılması, münaqişəli ailələrlə işlərin aparılması, həmçinin məişət zorakılığı hallarının qarşısının alınması məqsədilə tədbirlər görülüb. Belə ki, ötən il ərzində ailə-məişət zəminində cinayət və digər hüquqpozmaların qarşısının alınması məqsədilə polis orqanlarında profilaktiki qeydiyyatda olan 61 münaqişəli ailədə görüşlər keçirilib, onlarla söhbətlər aparılıb. Eyni zamanda 2023-cü il ərzində rayon, şəhər icra hakimiyyətləri yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu, 2024-cü il ərzində isə bələdiyyələr yanında gender komissiyaları yaradılıb ki, monitorinq qruplarının üzvlərinə Komitə tərəfindən ekspertlərin iştirakı ilə təlimlər keçirilib. Artıq aidiyyəti rayonlar üzrə monitorinq qruplarının üzvləri ailələrdə yaranan problemlərin, eyni zamanda ailə üzvlərinin hüquqlarının pozulması hallarının aradan qaldırılması istiqamətində fəaliyyət göstərirlər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə uzunömürlü nümunəvi ailələrlə tədbirlər keçirib. Tədbirlərdə uzunömürlü nümunəvi ailənin üzvləri ilə gənclərin milli-mənəvi dəyərlərin, adət-ənənələrin, ailə dəyərlərinin qorunması, gənc nəslə çatdırılması, xüsusilə də uzunömürlü, nümunəvi ailələrin evlilik təcrübələrindən yararlanmağın hər zaman önəmli rol daşıdığı, yeniyetmə və gənclərin bu dəyərlərə sahib çıxması və yaşatması istiqamətində söhbət aparılıb, uzunömürlü ailələrə hədiyyələr təqdim edilib. Həmçinin aztəminatlı ailələrin sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılıb, 7 ailəyə ehtiyaclarına uyğun köməklik göstərilib.

“15 sentyabr – Bilik Günü” ilə əlaqədar Komitə tərəfindən aid təşkilatlarla birgə sosial qayğıya ehtiyacı olan ailələrin uşaqları, o cümlədən çoxuşaqlı ailənin, təkvalideynli, hər iki valideynini itirmiş, şəhid və qazi övladı olmaqla 896 nəfər uşağa məktəbli geyim formaları və dərs ləvazimatları verilib. Həmçinin muxtar respublikanın şəhər və rayonlarını əhatə etməklə, ümumilikdə, xüsusi qayğıya ehtiyacı olan 454 uşağa qış geyimi verilib. Eyni zamanda 2023-2024-cü tədris ilində muxtar respublikanın ümumtəhsil müəssisələrini bitirib ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum 3 uşaq və sağlamlıq imkanları məhdud 17 uşaq olmaqla, ümumilikdə, 20 uşaqla Komitədə görüş keçirilib, Komitə tərəfindən onlara hədiyyələr təqdim edilib. Göründüyü kimi xüsusi qayğıya ehtiyacı olan ailələrə qayğı ilə yanaşılması muxtar respublikada ailə siyasətinin əsasını təşkil edir. Dövlətimiz tərəfindən görülən bu işlər cəmiyyətin əsas atributu olan ailələrin rifah halının gündən-günə daha da yaxşılaşdırılmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir.

Muxtariyyətinin 100 illiyini böyük təntənə ilə qeyd etdiyimiz Naxçıvanın davamlı inkişafında böyük xidməti olan Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim bu qədim diyarı diqqətdə saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub. Göründüyü kimi dövlət başçısı cənab İlham Əliyev də qədim diyarın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair müxtəlif sərəncamlar imzalayıb, Dövlət proqramlarını təsdiq edib. Ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir. Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda sosial sahələrin inkişafı ilə bağlı bir çox layihələrin icrası nəzərdə tutulub ki, bu da muxtar respublikada  ailə, qadın və uşaq məsələlərinin həll olunmasına yaradılan şərait və eyni zamanda onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Övladlarını milli adət-ənənələrimiz əsasında əsl vətəndaş kimi böyüdən ailələrimiz xalqımızın milli sərvəti hesab olunur. Ailə elə müqəddəs ittifaqdır ki, onun səmimiliyinə, saflığına, təmizliyinə heç bir halda xələl gətirmək olmaz. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xalqımıza məxsus olan ailə dəyərlərinin yaşadılması və möhkəmləndirilməsi, xüsusən də erkən və qan qohumluğu nikahlarının qarşısının alınması, ümumilikdə bünövrəli və dayanıqlı ailə institutunun qorunub saxlanılması istiqamətində bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.

Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti