106 yaşlı Milli Ordumuz

106 yaşlı Milli Ordumuz

26 İyun 2024

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.

Qəhrəmanlıq və şanlı hərb tarixi ənənələrinə malik Azərbaycan xalqı əsrlər boyu öz azadlığı, müstəqilliyi və dövlətçiliyi uğrunda mübarizə aparmışdır. Zəngin təbii sərvətlərə malik olması və strateji coğrafi mövqeyinə görə Azərbaycan ərazisi tarix boyu yadelli işğalçıların hərbi təcavüzünə məruz qalmışdır. Yadelli işğala qarşı mübarizədə Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda qəhrəmanlıq və zəngin hərb tarixi formalaşmışdır. Sərkərdə və hərbçilərimiz hərbi taktika və strategiyalardan istifadə edərək şərəfli zəfər salnamələri yazmışlar. Bu baxımdan müasir Azərbaycan ordusunun formalaşması ağır, mürəkkəb, keşməkeşli və şərəfli yol keçmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması prosesi, əslində, ölkəmizin müstəqilliyinin tarixidir. Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O zamanlar Rusiya İmperiyasının müsəlman xalqlarına münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. Erməni təcavüzünün gücləndiyi 1917-1918-ci illərdə Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə təcili olaraq ordu quruculuğuna başlamaq tələb olunurdu. Bununla əlaqədar olaraq 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılmış, avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edilmişdir. Hərbi Nazirliyə istedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Tarixi varislik ənənəsinə uyğun olaraq Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib. Azərbaycan prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə ilk olaraq oktyabrın 9-u Silahlı Qüvvələr günü elan edilib. 22 may 1998-ci ildə isə prezident Heydər Əliyev fərman imzalayaraq 26 iyunu Silahlı Qüvvələr günü elan edilib. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. Bu gün Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır.

2020-ci ilin sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu hərbi gücü darmadağın edərək, böyük zəfərə imza atdı. Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 günlük Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına mütləq qələbə qazanıldı.

2023-cü sentyabrın iyirmisində 24 saatdan da az müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri isə öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Bununla da ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, xalqımızın 30 illik torpaq həsrətinə son qoydu.

Bu Qələbə Ali Baş Komandanın əzmi və iradəsi, xalqla dövlətin sarsılmaz birliyi hesabına əldə edildi. Məğrur xalqımız və qüdrətli dövlətimiz 26 iyun – Silahlı Qüvvələr Gününü 2021-ci ildən bəri fərqli şəkildə, qələbə ovqatı, zəfər ruhu ilə qeyd edir. İlk dəfədir ki, 26 iyun qalib, məğrur, müzəffər, ölkəmizin ərazi bütövlüyünü təmin etmiş, Qarabağ müharibəsinə birdəfəlik son qoymuş Azərbaycan ordusunun bayramı kimi keçirilir. Hazırda Azərbaycani Slahlı Qüvvələrinin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir. Azərbaycanımızın dünyanın inkişaf etmiş və qüdrətli dövlətləri sırasında olması yolunda dövlətimizə və qəhrəman xalqmıza daimi uğurlar arzulayırıq. Yaşasın müzəffər Ordumuz! Yaşasın, Azərbaycan xalqı!

Bəxtiyar Əliyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü