“100 ilin ictimai-siyasi fəal qadını” layihəsi davam edir -

“100 ilin ictimai-siyasi fəal qadını” layihəsi davam edir - FOTO

29 Noyabr 2024

1939-cu il təvəllüdlü Dilarə Ələkbərova Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində ictimai-siyasi həyatda səmərəli fəaliyyətinə görə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif olunub. Tədbirdə onun keçdiyi həyat yoluna nəzər salınıb, uzunmüddətli səmərəli fəaliyyətindən danışılıb, veteranın ömür yolunun gənclər üçün örnək olduğu bildirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi qadınların son bir əsrdə ictimai-siyasi proseslərdə oynadığı mühüm rolu vurğulamaq və onların əldə etdiyi nailiyyətləri geniş ictimaiyyətə tanıtmaq məqsədi daşıyan bir təşəbbüsdür. Bu cür layihə həm qadınların tarixdəki yerini göstərmək, həm də onların cəmiyyətin inkişafındakı töhfələrini qiymətləndirmək baxımından böyük əhəmiyyət kəsb edir.

Muxtariyyətinin 100 illiyini böyük təntənə ilə qeyd etdiyimiz doğma Naxçıvanımızda bu layihə qadınların tarixi və müasir nailiyyətlərini qeyd etməklə yanaşı, həm də onların gələcək uğurlarını dəstəkləmək məqsədini daşıyır. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova bildirib ki, “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində keçirilən görüşlər bu təşəbbüsün əhəmiyyətini daha da artırmaq və qadınların cəmiyyətdəki rolunu ön plana çıxarmaq məqsədini daşıyır.

Dilarə Ələkbərova uzun illər müxtəlif vəzifələrdə çalışdığını qeyd edərək bildirib ki, ömrünü həsr etdiyi işlərdə həmişə dövlətə, dövlətçiliyə bağlı olub. Müxtəlif yüksək vəzifələrdə çalışmağına baxmayaraq sadəliyin insani keyfiyyət olduğunu deyən Dilarə Ələkbərova ona göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.

Sonda Dilarə Ələkbərova “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində ictimai-siyasi həyatda səmərəli fəaliyyətinə görə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif olunub, Naxçıvan Şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Ələkbərova Dilarə Zülfüqar qızı 1939-cu ildə Şahbuz şəhərində anadan olub, 1962-1966-cı illərdə Araz Su Elektirik Stansiyasında rabitəçi, 1973-1977-сі illərdən Vilayət Partiya Komitəsində rabitəçi, 1978-1983-cü illərdə Vilayət Partiya Komitəsi Həmkarlar İttifaqı Şurasının katibi, 1983-1988-ci illərdə 2-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərib. O, Naxçıvan Vilayət Partiya Komitəsinin katibi, 1989-cu ildən 2004-cü ilədək Naxçıvan MR Dövlət Təbiəti Mühafizə Komitəsinin sədri, 5 il isə həmin komitədə sektor müdiri vəzifəsində çalışıb.