“100 ilin ictimai-siyasi fəal qadını” layihəsi başa çatıb -

“100 ilin ictimai-siyasi fəal qadını” layihəsi başa çatıb - FOTO

29 Dekabr 2024

1952-ci il təvəllüdlü Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi Yazgül Rzayeva muxtar respublikanın 100 illik yubileyi ilə əlaqədar “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində ictimai-siyasi həyatda səmərəli fəaliyyətinə görə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif olunub. Tədbirdə onun keçdiyi həyat yoluna nəzər salınıb, uzunmüddətli səmərəli fəaliyyətindən danışılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova bildirib ki, “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi doğma Naxçıvanımızda qadınların tarixi və müasir nailiyyətlərini qeyd etməklə yanaşı, həm də onların gələcək uğurlarını dəstəkləmək məqsədini daşıyır. Aytən Məmmədova qeyd edib ki, 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V və VI çağırış deputatı olmuş Yazgül Rzayeva seçilən qadınlarımızdan biridir. Yazgül Rzayeva pediatriya sahəsində, xüsusən də uşaq nevrologiyasının inkişafı və tərəqqisində xüsusi xidmətlər göstərib.

Əhalinin sağlamlığı keşiyində dayanan tibb işçiləri kimi Yazgül Rzayevanın da əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 7 mart tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova bildirib ki, Yazgül Rzayeva həkimlik peşəsi ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. 2001-ci ildən Naxçıvan Dövlət Universitetində həkim kadrların hazırlanmasına öz töhfəsini verməkdədir.
Muxtar respublikada səhiyyənin inkişafında mühüm xidmətlər göstərmiş həkimlər sırasında yer alan və yüzlərlə körpəyə sağlamlıq bəxş edən Yazgül Rzayeva gördüyü bu nəcib işdən hədsiz zövq aldığını bildirib, həmişə dövlətə, dövlətçiliyə bağlı olduğunu vurğulayaraq, ona göstərilən diqqət və qay ğıya görə dövlətimizə minnətdarlıq edib.

Sonda Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Uşaq nevroloji şöbəsinin müdiri Yazgül Rzayeva “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində ictimai-siyasi həyatda səmərəli fəaliyyətinə görə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif olunub, ona Komitənin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.