SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qərb dövlətlərinin ikili standartlar siyasətinin pərdəarxası - III HİSSƏ

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qərb dövlətlərinin ikili standartlar siyasətinin pərdəarxası - III HİSSƏ
9-12-2018, 15:02

Əvvəli: My Webpagehttp://naxcivanxeberleri.com/analitika/119-ermnistan-azrbaycan-munaqissi-il-bagli-qrb-dovltlrinin-ikili-standartlar-siyastinin-prdarxasi-i-hiss.html

My Webpagehttp://naxcivanxeberleri.com/analitika/153-ermnistan-azrbaycan-munaqissi-il-bagli-qrb-dovltlrinin-ikili-standartlar-siyastinin-prdarxasi-ii-hiss.html


Qeyd etmək lazımdır ki, Türk-İslam sivilizasiyasının daşıyıcısı olan Azərbaycanda da dini tolerantlıq yüksək səviyyədədir. Lakin təəssüflər olsun ki, əsasən Qərb dünyasında və hətta Ermənistanda tolerantlıq məsələsi sual olaraq qalmaqdadır. Bu gün Ermənistanda nəinki tolerantlıq yoxdur, əksinə azərbaycanlılara məxsus Türk-İslam abidələri və məzarlıqları dağıdılmışdır. Ümumiyyətlə, gətirilən bu kimi faktlar adi bir qəzet xəbəri və ya analizlər deyil, Qərb dövlətlərinin siyasətinin başlıca meyarlarıdır. Günümüzdə İslama və Türk sivilizasiyasına qarşı aparılan siyasət Yeni Dünya Nizamının və sivilizasiyaların toqquşmasının əsas nəticələridir. Dünyanın aparıcı dövlətlərinin, xüsusilə Qərbin müzakirə obyektinə çevrilən erməni məsələsi, soyqırımı iddiaları, Ermənistan-Azərbaycan münaqişəsində müxtəlif beynəlxalq qurumların, o cümlədən ATƏT-in Minsk Qrupunun qətiyyətsizliyi, bu münaqişədə Qərb dövlətlərinin ikili standartlardan çıxış etmələri və digər məsələlər məhz bu aspektdə dəyərləndirilməlidir. Məşhur sivilizoloq alim Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması ’’ adlı kitabı nəşr edildikdən sonra müəllifin “ortaya çıxmaqda olan qlobal siyasətin başlıca və ən təhlükəli miqyasının fərqli sivilizasiyaların daşıyıcıları arasındakı münaqişələr olacağı” ilə bağlı düşüncəsindən sonra insanlar son dərəcə təəccüblənmiş və qorxmuşlar. Hantinqtonun fikirləri olduqca fərqli bir şəkildə qəbul olunmaqda və analitiklər tərəfindən həddən artıq tənqid edilməkdədir. “Sivilizasiyaların toqquşması” ifadəsinin insanları qorxutduğu danılmaz bir həqiqətdir. Lakin Hantinqtonun bu iddiası fıkrimizcə, o qədər də yanlış deyil. Təbii ki, bu bizim subyektiv fikrimizdir. Bu gün qlobal siyasətdə başlıca yeri sivilizasiyalararası münasibətlər tutur.

Digər sivilizasiyalar bir tərəfə, Qərb sivilizasiyası ilə Türk-İslam sivilizasiyaları arasında qarşıdurmanın cərəyan etdiyi bir reallıqdır. Samuel Hantinqton qeyd edir ki, fərqli sivilizasiyaların daşıyıcıları arasındakı münasibətlər, əgər belə demək mümkündürsə, heç vaxt yaxın olmayacaq və ümumiyyətlə, soyuq və düşmən olaraq qalacaqdır. Müəllif eyni zamanda sivilizasiyalararası münaqişəni 1) lokal və ya mikro səviyyə, 2) qlobal və ya makro səviyyə olmaqla iki fərqli formada izah edərək yazır ki, lokal və ya mikro səviyyədə olan münaqişələr fərqli sivilizasiyalara mənsub olan qonşu dövlətlər və həmçinin bir dövlətin içində fərqli sivilizasiyaların daşıyıcıları arasında baş verir ki, belə münaqişələr xüsusilə müsəlmanlar və qeyri-müsəlmanlar arasında yayğındır. Qlobal və ya makro səviyyədə olan münaqişələr isə fərqli sivilizasiyaların böyük dövlətləri arasında baş verir. Fərqli sivilizasiyaların böyük dövlətləri arasında baş verən, yəni qlobal və ya makro səviyyəli münaqişələrin öz növbəsində fərqli sivilizasiyaların daşıyıcıları olan qonşu dövlətlər arasında yaranan, yəni lokal və ya mikro səviyyəli münaqişələr üzərində təsiri isə inkaredilməzdir. Bu münaqişələrdəki düyünlər beynəlxalq siyasətin klassik problemlərindəndir.

Şübhəsiz ki, bu məsələlər tarix boyunca dövlətlər və millətlər arasında cərəyan etmiş münaqişələrin qaynağıdır. Fərqli sivilizasiyalara mənsub qonşu dövlətlər arasında baş verən münaqişələr eyni zamanda sivilizasiyalar arasındakı qlobal güc balansında yaranan dəyişikliklər səbəbi ilə də ortaya çıxa bilər. Ermənistan-Azərbaycan münaqişəsi də sivilizasiyalararası toqquşmanın, daha doğrusu Qərb-Türk sivilizasiyaları arasındakı toqquşmanın potensial qaynaqlarından biridir. Samuel Hantinqton digər bir yerdə də göstərir ki, İslam İslam olaraq, Qərb də Qərb (xristian) olaraq qaldığı müddət içərisində iki böyük sivilizasiya arasındakı qarşıdurma ötən 14 əsrdə olduğu kimi, gələcəkdə də davam edəcəkdir. Müəllifin dediklərindən yola çıxsaq, belə bir məqamla qarşılaşarıq: hər iki böyük sivilizasiya arasında ziddiyyət davam edərsə, fərqli sivilizasiyaların daşıyıcıları olan Ermənistan ilə Azərbaycan arasında da münaqişə davam edəcəkdir. Əgər Ermənistan və Azərbaycan kimi, yer üzündə mövcud olan digər dövlətlər, daha doğrusu fərqli sivilizasiyaların və dinlərin mənsubları olan xalqlar arasında münaqişələr davam edərsə, belə bir vəziyyətdə hansı nizamlayıcı dialoqdan söhbət gedə bilər? Samuel Hantinqtonun sivilizasiyaların təsnifatına dair mülahizələrindən aydın olur ki, o, ümumiyyətlə, əsas faktor kimi din amilinə üstünlük verir. Doğrudur, dinləri sivilizasiyaların məhsulu kimi qəbul etmək olar və sivilizasiyalararası münasibətlərdə başlıca rol oynadığı danılmaz həqiqətdir. Lakin sivilizasiyaların əsasında dayanan faktorlar arasında milli amilin yeri xüsusilə birinci olaraq qeyd edilməlidir. Qərb və Türk sivilizasiyaları arasındakı münasibətlərdə məhz milli və dini amillər əsas rol oynayır.

Bu prizmadan məsələyə yanaşılsa, aydın görünər ki, Qərb dövlətlərinin istər qlobal səviyyədə diqqət çəkən erməni məsələsində, istərsə də Ermənistan-Azərbaycan münaqişəsində tutduğu ikili mövqe Qərb ilə Türk sivilizasiyaları arasındakı toqquşmadan qaynaqlanır. Ermənilər də öz növbəsində Qərbin türk düşmənçiliyindən yararlanmağa çalışaraq öz iddialarını dini, siyasi müstəviyə oturdurlar. Onlar “yer üzünün ilk xristian milləti” kimi gülünc iddialarla dünya ictimaiyyətinin beynini qarışdıraraq, Azərbaycanın tarixi ərazilərindəki dini abidələri erməni abidələri şəklində tanıtdırmaqda və tarixi həqiqətləri saxtalaşdırmaqdadırlar. Bu cür iddialar ermənilərin Azərbaycan torpaqları üzərindəki ekspansionist əməllərinə vasitə xarakteri daşıyır. Şübhəsiz ki, ortada dini təəssübkeşlik də olduğuna görə, Azərbaycan üzərindəki beynəlxalq təzyiqlər də artmaqdadır. Qənaətimizcə, Ermənistanın Qərb dünyasında dəstəklənməsi və xristian təəssübkeşliyi məsələsi ümumi antitürk və antiislam mövqeyi çərçivəsində dəyərləndirilə bilər 35 ki, bunun səbəblərini də Qərb sivilizasiyası ilə Türk sivilizasiyası arasındakı toqquşmada axtarmaq lazımdır. Ermənistan-Azərbaycan münaqişəsində Qərb dövlətlərinin ikili standartlar mövqeyindən çıxış etmələrinin səbəbini də məhz bu amillərdə axtarmaq lazımdır. Düzdür, keçmişdən miras qalan milli düşmənçilik hissləri Azərbaycandan daha çox Türkiyəyə şamil olunur.

Lakin ortada qlobal erməni məsələsi olunca, bu amil dolayı olaraq öz növbəsində Azərbaycana da təsir edir. Bir tərəfdən Azərbaycan Türk və İslam dünyasının bir parçasıdır, digər tərəfdən də müharibə Qərbin maraqlarına cavab verən Ermənistanla aparılır. Məhz bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsində əsas diqqət və dəstək Ermənistana verilir. Azərbaycanın cəlb olunduğu münaqişə lokal Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində deyil, qlobal erməni məsələsi çərçivəsində diqqəti cəlb edir. Əslində bu, keçmişdən miras qalan Qərb-Türk sivilizasiyaları arasındakı qarşıdurmanın əsas tərkib hissəsidir. Burada Ermənistan Qərb dövlətlərinin maraqlarının icraçısı, Azərbaycan isə əsas məqsəd, yəni onların maraqlarının gerçəkləşməsi yolunda kiçik bir maneədir. Əgər münaqişədə Azərbaycan lehinə qərarlar qəbul edilərsə və ya Ermənistana təzyiqlər göstərilərsə, o zaman “erməni kartı” qismən də olsa zəifləyə bilər. Yəni din amili sırf xristian ermənilərə göstərilən rəğbətdən deyil, türklərə qarşı, Türk sivilizasiyasına qarşı milli və dini əsası olan zehniyyətdən qaynaqlanır.

EMİN ŞIXƏLİYEV
Tarix üzrə fəlsəfə doktoru, dosent

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 612
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031